19–23 may tarixlərində ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri çərçivəsində Nizami Kino Mərkəzində təşkil olunan Tacik kinosu günləri başa çatıb. Mayın 23-də keçirilən bağlanış mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev iki ölkənin kinematoqrafçıları arasında həmişə sıx münasibətlərin olduğunu, bununla bağlı bir sıra sənət faktlarını diqqətə çatdırıb.
Azərbaycan incəsənət xadimlərinin tacik mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynadığını bildirən Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev deyib: “Mən Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən tacik həmkarlarımla yaxşı əlaqələr qurmuşdum. “Yarasa” filmimdə əsas rollardan birində tacik dostum, rejissor Tolib Həmidov çəkilib. Bu mənim üçün çox vacib idi. Düşünürəm ki, mədəniyyətlərimiz arasında əlaqələr daha da inkişaf etdirilməlidir”.
Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodov iki ölkə arasında əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
“Tacikfilm”in baş direktoru Mahmadsaid Şoxiyon söyləyib ki, 1990-cı illərin əvvəlində müstəqilliklərini əldə edən Tacikistan və Azərbaycan qurulan diplomatik mədəni əməkdaşlığında da yeni səhifələr açıb. “Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı mövcud olan dostluq və etibarlı təmaslar mədəniyyət sahəsində əlaqələrə də böyük töhfə verib”, – deyə baş direktor vurğulayıb.
Rejissor Nosir Saidov “Güzgü” filmi haqqında məlumat verib. Deyib ki, psixoloji dram janrında çəkilən ekran əsəri ölkəsində maraqla qarşılanıb.
Sonda “Güzgü” filmi nümayiş olunub.