Mayın 24-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti Azərbaycan Dövlət Film Fondunun qonağı olublar.

Əvvəlcə qonaqlar fondun kino zalında Xalq artisti, kinorejissor Xamis Muradovun “Natəvan” filmini (1982) izləyiblər. Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan sənədli kinosu mövzusunda tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonra qonaqlar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey, kino lentlərinin bərpa otağı və saxlanma boksları ilə tanış olublar. Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov qurumun yaranması və iş prinsipi haqqında ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.