Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmov (1907–1983) yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Səid Rüstəmovun yaradıcılıq əlaqələrindən danışıb. O, Səid Rüstəmovun 1932-ci ildə
Bülbülün yaratdığı Elmi-Tədqiqat Musiqi Kabinetindəki fəaliyyətindən, xalq mahnı və rəqslərinin, aşıq mahnılarının nota köçürülməsində göstərdiyi xidmətlərdən bəhs edib.
Tədbirdə bəstəkarın adını daşıyan 13 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri və “Bülbül vokal məktəbi” tələbələrinin iştirakı ilə Səid Rüstəmovun "İntizar", "Alagöz", "Hardasan", "Bahar olsun", "Qaytağı", "Oxu, tar!", "Qurban adına", "Sərhədçilər marşı" və "Fasilə marşı" əsərləri səsləndirilib.
Qeyd edək ki, layihə üzrə bundan əvvəl bəstəkar, Xalq artisti Süleyman Ələsgərov, yazıçı Məmməd Səid Ordubadi və dünyaşöhrətli bəstəkar, SSRİ-nin Xalq artisti Qara Qarayev yad olunmuşdu.