İyunun 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi və görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.
Qeyd edək ki, pyes Musiqili Teatrda 2005–2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda “Aldın payını, çağır dayını” adı ilə oynanılıb. Əsər bu dəfə Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim olunacaq.
Səhnə əsərində cərəyan edən hadisələrdə cəmiyyətin bir sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən vəzifə və pul düşkünlərinin, əslində, sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.
Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeyster Əməkdar artist Nigar Şahmuradova, xormeyster Əməkdar artist Vaqif Məstanov, dirijor Səməd Süleymanlı, rejissor Elməddin Dadaşov, konsertmeysterlər Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Hüseyn Əlili, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak edirlər.