Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında ömrünün 60 ilindən çoxunu uşaqlara həsr etmiş bəstəkar Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Tədbirdə bəstəkarın yaxın dostu olmuş professor Vidadi Xəlilov xatirələrini bölüşüb.
Çoxsaylı uşaq mahnılarının müəllifi Oqtay Zülfüqarov ömrünün böyük hissəsini uşaqların əhatəsində keçirib. Yubiley gecəsi uşaqların hazırladığı konsert proqramı ilə yadda qalıb.
Proqramda bəstəkarın dillər əzbəri olan “Ad günü”, “Vətən”, “Bakı”, “Göyərçin”, “Nənə” və başqa mahnıları Oqtay Zülfüqarovun nəticələri və Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı tərəfindən böyük sevgi və həvəslə ifa olunub.
Sonda bəstəkarın oğlu Əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Zülfüqarov gözəl proqrama görə Dövlət Uşaq Filarmoniyasına minnətdarlığını bildirib.