Tatarıstan Respublikasında (RF) keçirilən məşhur Raşit Vaqapov adına Beynəlxalq Tatar Mahnı Festivalının qala-konserti ilk dəfə Bakıda təşkil olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Tatarıstan hökuməti və digər qurumların təşkilatçılığı keçiriləcək konsert mayın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək.

Tatarıstan və tatar xalqının ən məşhur milli-mədəni brendlərindən olan festival bu il 20-ci konsert mövsümünü qeyd edir. Bu illər ərzində festival konsertləri Finlandiya, İsveç, Polşa, Almaniya, Qazaxıstan, Çin, ABŞ, Estoniya, Latviya, Ukrayna, Özbəkistan, İtaliyada və Rusiyanın 46 regionunda uğurla keçirilib. Hər zaman peşəkar ifaçıların təmsil olunduğu festivalda ən yaxşı səslər, məşhur ifaçılar, yeni və parlaq istedadlar çıxış edirlər.

Bakıdakı konsertdə festival laureatları ilə yanaşı, tatar vokal sənəti ustadlarından Rustem Asayev, eləcə də yeni simalardan Gülsiren Abdullina, Azat Abitov, Ranis Qabbazov, Almas Huseynov və bu ilin festival laureatları Adelya Mubarakova, İluza Valiullova ifaları ilə festivala rəng qatacaqlar. Proqramda tatar bəstəkarların ən yaxşı klassik əsərləri, hitləri, habelə xalq mahnıları təqdim olunacaq.

Qeyd edək ki, Raşit Vaqapov adına Beynəlxalq Tatar Mahnı Festivalı 2004-cü ildə təsis olunub. Festivalın məqsədi görkəmli tatar müğənnisi, Tatarıstan Respublikasının Xalq artisti Raşit Vaqapovun (1908–1962) xatirəsini əbədiləşdirmək, ümumi mədəniyyəti qorumaqdır.

2007-ci ildən festival çərçivəsində xalq mahnıları və klassik musiqi sahəsində yeni istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə tatar mahnılarının gənc ifaçıları arasında müsabiqə də keçirilir.

Lalə