Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il dördüncüsü keçirilən Mədəniyyət Yolu Festivalı davam edir. Festivalın ilk mərhələsi ötən ay Adanada (13–21 aprel) gerçəkləşib. 25 may – 2 iyun tarixlərində isə Mədəniyyət Yolunun marşrutu Şanlıurfadan keçir.

Türkiyənin qədim tarixi irsi, mədəni zənginlikləri, özünəməxsus mətbəxi ilə tanınan bu bölgəsi 2018-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Göbəklitəpə arxeoloji abidəsi ilə də məşhurlaşıb.

Festivalın ilk günü Şanlıurfa Arxeologiya Muzeyi ərazisində təşkil edilən proqramlarla başlayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açılış mərasimindəki çıxışında Şanlıurfanın dünyanın ən böyük və ən əhatəli festivalına ev sahibliyi etdiyini vurğulayaraq, bunun bölgənin tanıtımı və turizmi baxımından faydalı olacağına inandığını bildirib.

Şanlıurfa Böyükşəhər Bələdiyyə başqanı Mehmet Kasım Gülpınar da festivalın turizm sahəsində öncül yerləri hədəfləyən bölgə üçün böyük bir fürsət olduğunu deyib: “Bu müddətdə Şanlıurfanı daha çox və daha intensiv şəkildə tanıtmağa çalışacağıq. Xüsusilə beynəlxalq səviyyədə tanıtımlara böyük əhəmiyyət veririk”.

Çıxışlardan sonra nazir Mehmet Nuri Ersoy, Şanlıurfa valisi Həsən Şıldak, bələdiyyə başqanı Mehmet Kasım Gülpınar və digər rəsmilər Arxeologiya Muzeyi qarşısında qurulan konsert sahəsi ilə tanış olublar.

Qeyd edək ki, Şanlıurfada 9 günlük Mədəniyyət Yolu Festivalının proqramına 40 fərqli məkanda keçirilən ümumilikdə 300-dək tədbir – konsertlər, səhnə şouları, sərgilər, təqdimatlar və s. daxildir.

Festival çərçivəsində tanınmış sənət adamları da yerli sakinlər və turistlərlə görüşürlər. Türk kinosunun sultanı Türkan Şoray Şanlıurfada pərəstişkarları ilə bir araya gəlib. O, uzun müddətdir ziyarət etmək istədiyi şəhərdə olmaqdan məmnunluğunu dilə gətirib. Türkan Şoray Şanlıurfada “tarixin sıfır nöqtəsi” olaraq xarakterizə edilən Göbeklitəpəni də ziyarət edib.

Şanlıurfada Mədəniyyət Yolu Festivalının diqqətçəkən tədbirlərindən biri də “Ləzzət dayanacaqları” məkanlarında bölgəyə xas kababların təcrübəli aşpazlar tərəfindən təqdimatı olub.

Qeyd edək ki, Şanlıurfadan sonra Mədəniyyət Yolu Festivalının ünvanı 1–9 iyunda Bursa, 8-16 iyun tarixlərində Samsun, 22–30 iyunda Trabzon olacaq. Festival noyabr ayınadək ümumilikdə 16 şəhəri əhatə edəcək. Bu müddətdə 600 məkanda 6 minə yaxın tədbir planlaşdırılıb.

2021-ci ildə əsası qoyulan festivalın məramı Türkiyənin şəhərlərini dünyada tanıdılmasına, eyni zamanda mədəniyyət və incəsənətin inkişafına töhfə verməkdir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi builki festivala ölkə daxilindən və xaricdən 40 min sənətçini cəlb etməyi hədəfləyib. 2023-cü ildə festivala 34 min sənətçi qatılmış, toplam 5 min tədbir gerçəkləşmişdi.

Vüqar Orxan