Azərbaycan Dövlət Kukla Teatrı və “Oyuq” müstəqil teatrının kollektivləri mayın 27-də Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin qonağı olublar.
28 May – Müstəqillik Günü münasibətilə məktəbin səhnəsində təqdim olunan tamaşa və konsert proqramı əsl bayram ovqatı yarada bilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə baş tutan səfər balacalara unudulmaz anlar bəxş edib.
Kuklaçılar Füzuli sakinləri qarşısında “Məlikməmməd” tamaşasını göstəriblər. Tamaşanın quruluş müəllifi teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyevdir. Rejissor xalq nağılını İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimizlə əlaqələndirib və mövzuya fərqli prizmadan baxmağa çalışıb.
Sonra “Oyuq” teatrının yetirmələri “Can Qarabağ” adlı rəngarəng konsert proqramı ilə çıxış ediblər.