Rafael Əsədov: “Quruluşçu rəssam işi nankor sənətdir. Nə qədər əziyyət çəkirsən, sanki heç kim bunu görmür”
Bir vaxtlar televiziya tamaşaları çox dəbdə idi. Çoxumuzun estetik zövqünün formalaşmasında onların öz rolu var. Təkcə dramaturji xətti ilə deyil, ümumi vizual görüntüsü ilə də yaddaşımızda iz qoyan və bu gün də Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılan “Topal Teymur”, “Ac həriflər”, “Nigarançılıq”, “Ötən ilin son gecəsi”, “Ordan-burdan”, “Qonşu qonşu olsa...”, “Yaşıl eynəkli adam”, “Fatehlərin divanı” və digər tamaşalar.
Bu tamaşalar rejissor, dramaturq, operator və onlarla texniki işçinin əməyinin bəhrəsi olaraq ekranlara çıxırdı. Bu sırada televiziya rəssamının da əməyini unutmaq olmaz. Televiziya tamaşaları və verilişlərini kino sənəti ilə müqayisə etsək, görərik ki, bu sahə də kino kimi müxtəlif sənətlərin sintezindən ibarətdir. Rəssam televiziya tamaşasına estetik keyfiyyət bəxş edir, rejissora, operatora müəyyən ifadə vasitələrindən istifadə edərək hadisələrin mənasını daha dərindən müəyyən etmək, obrazların xarakterik xüsusiyyətlərini vurğulamaq üçün şərait yaradır.
Uzun müddət bu sahədə çalışaraq sənətə töhfəsini verən insanlardan biri də Əməkdar incəsənət xadimi, televiziya və kino rəssamı Rafael Əsədovdur. Rafael müəllim bu ilin iyun ayında 80 yaşını qeyd etdi. Sənətkarla söhbətimizdə onun bu sahəyə gəlişi və sənət haqqında düşüncələrini öyrəndik.
Dosye:
Rafael Əsədov 19 iyun 1944-cü ildə Masallıda anadan olub. 1961–1966-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Memarlıq fakültəsində təhsil alıb. 1968-ci ildə Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 40 ildən artıq televiziyanın baş rəssamı olub. Eyni zamanda “Yazıçı”, “Gənclik”, “Maarif” və s. nəşriyyatlarda, habelə “Pioner”, “Ulduz” jurnallarında rəssam kimi fəaliyyət göstərib. Sonralar “Space” televiziyasının baş rəssamı (2012-2015) vəzifəsində çalışıb. 2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət kafedrasında müəllim işləyir. Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Rafael Əsədov “Mehmanxana sahibəsi”, “Evləri köndələn yar”, “Bağışla”, “Səndən xəbərsiz”, “Ağ atlar üçün vals”, “Sən həmişə mənimləsən”, “Yad qızı”, “İtkin gəlin”, “Yurd yeri”, “Dirsə xan oğlu Buğac”, “Dəvətnamə”, “Güllələnmiş heykəllər”, “Bəylik dərsi və ya keçmişdən gülməcələr”, “Bir rəngin min çaları”, “Tək olanda qorxma” və onlarla başqa film-tamaşa, sənədli film, bədii serialın rəssamıdır. Sənətkar bu gün də əsasən illüstrasiya, akvarel və yağlı boya ilə mənzərə, portret, natürmort və etüdlər yaradır. Onun rəsmlərində şəhər lövhələri, məişət, təbiət və digər mövzular izləyiciyə əlvan çalarlarla çatdırılır. İllüstrasiyalarının bir qismi respublikanın aparıcı muzeylərinin eksponatıdır.
– Rafael müəllim, televiziya sizin üçün nədir?
– Fəaliyyətimin bir hissəsi televiziyanın intibah dövrünə düşdü. Rejissor Ramiz Həsənoğlu ilə çox maraqlı işlər ortaya qoyduq. Düşünürəm ki, birgə işlədiyimiz tamaşaların bu sənətdə öz yeri var.
– Nədənsə, “tamaşaların öz yeri var” ifadəsini qəribə vurğu ilə dediniz...
– Etiraf edim ki, televiziyada 1968–2012-ci illərdə baş rəssam kimi çalışmağım mənim vaxtımı çox aldı. Sanki sənətimi oğurladı... “Xəbərlər”, musiqi proqramları və digər verilişlərin dizayn həlli, müxtəlifxarakterli elmi-kütləvi, əyləncə və konsert proqramlarının tərtibatını, dekorasiyasını hazırlamaq, bilirsiniz nə qədər zaman tələb edir. Gözümü açıb bir də gördüm ki, ömür keçib.
– Eyni zamanda bu qədər işi görmək çətin deyildi?
– Tamaşa bir sənət prosesidir, buna əvvəlcədən hazırlıq gedir. Elə tamaşa olurdu ki, çox ciddi proses tələb edirdi. Məsələn, “Fatehlərin divanı” çəkiləndə tarixi ssenari olduğu üçün geyim və dekorasiyalar baxımından xüsusi yanaşma lazım idi. Amma konsert proqramları və digər verilişlərdə dekorasiyalar əvəzlənirdi. Yəni bəzən yenisini hazırlamaq yox, sadəcə, eynisini başqa formatda istifadə etmək mümkün olurdu. Bizim komandada doqquz quruluşçu rəssam var idi. Televiziya çəkilişləri üzrə dekorasiyaların tapşırılması rəssamların peşəkarlığından asılı olaraq bölünürdü. Məsələn, nisbətən gənc əməkdaşlara konsert dekorasiyaları həvalə olunurdu.
– Televiziyada neçə il çalışdınız?
– Bir də baxdım 40 il keçib. Sözümü nəyə gətirirəm. Xalq rəssamlarımız Fərhad Xəlilov, Ağaəli İbrahimovla bir qrupda oxumuşam. Televiziyaya gələndən sonra onlardan ayrı düşdüm. Məni sərgilərə dəvət edirdilər. İşimin çoxluğundan gedə bilmirdim. Bir də kitab illüstrasiyası ilə məşğul olurdum deyə vaxtım az qalırdı. Yüzdən çox kitaba tərtibat vermişəm. Əlifba dərsliyi, rus klassiklərinin əsərləri və s.
– Sərgilərə illüstrasiyalarla da qatılmaq olardı...
– Düzdür, amma bəzən iki metr və daha böyük həcmli işlərin yanında kiçikölçülü işlərə diqqət olmurdu. Nə isə bu illər ərzində, demək olar ki, rəssamlığın hər sahəsində çalışdım. Teatr tamaşalarına da quruluş vermişəm, teleserialda da işləmişəm. Kino tamam başqa sahədir. Gərək özünü bütünlüklə ona həsr edəsən. Mən televiziyadan ayrılanda artıq kino çəkilişləri, demək olar ki, yox idi.
– Quruluşçu rəssam – bu anlayış sizin üçün nəyi ifadə edir?
– Fikrimcə, quruluşçu rəssam çox nankor sənətdir. Bu qədər ki, əziyyət çəkirsən, sanki heç kim bunu görmür. Məkanı tap, necə quraşdırasan – sırf arxitektor işidir. Elə etməlisən ki, həm kameralar rahat işləyə bilsin, həm aktyor üçün rahat olsun, həm də rəqsə yer olsun... Çox çətin işdir. Çətinliyi həm də ondadır ki, quruluş sexləri, qrim, kostyum sexi və s. hamının məsuliyyəti səndədir. Amma etiraf edim ki, nə qədər çətin və məsuliyyətli olsa da, sanki insana əlavə bir ruh verir. Məsələn, hər hansı bir tamaşada böyük qayalıqlar düzəldirsən. Sonradan ekrandan bu səhnələri izləyəndə adam öz sənəti ilə fəxr hissi duyur.
– Görkəmli sənətkarlarla çalışmışınız. Yadınızda qalan maraqlı və qəribə xatirələr var?
– Biz işlədiyimiz zaman titrlər əl ilə yazılırdı. Təsəvvür edin, “Günün ekranı”, “XXI qurultayın işi” və s. kartona yazılırdı. Rəssamlar onu fərqli-fərqli şriftlərlə hazırlayırdılar. Sənaye qrafikasını yaxşı bildiyim üçün mən də işə başlayanda şriftçi rəssamlara başçı təyin edildim. Yeddi il orada çalışdım. Bu sahədə yeniliklər tətbiq etmək lazım idi. Mən isə quruluşçu rəssam olmaq istəyirdim. Bir sözlə, uzun illər rəngkarlıqdan uzaq düşdüyüm üçün peşmanam.
– Amma siz o cür sənət nümunələrinin rəssamı olaraq tarixə düşmüsünüz...
– Elədir, amma bir tərəfi də var ki, bəlkə Ramiz Həsənoğlunun ərsəyə gətirdiyi tamaşalar olmasaydı, mən də bu sənətdə uğur qazana bilməyəcəkdim. Ramiz mənim üçün tapıntı oldu. Yəni teatr rejissoru başqadır, televiziya rejissoru başqa. Məsələn, “Ordan-burdan” tamaşasında Salman bəyin kart oynadığı səhnə var, kamera otaqları fırlanır və gəlir əsas məkana. Rəssamın gücü bundadır. Teatrda isə görüntü birtərəflidir. Teatr mənim üçün kəşfiyyat idi. Orada da özümü sınadım. İşləyə-işləyə, təcrübə yığa-yığa gəlib televiziya rəssamlığında bəlli bir səviyyəyə çatdıq. Biz bu modeli yaratdıq. Yenə də deyirəm ki, bu iş kollektiv işidir. Amma rəngkarlıq başqadır – sırf müəllif işi. Bu, sənsən. Əsərə baxanda yalnız səni görürlər.
– Niyə belə düşünürsünüz? Bir çox izləyicilər televiziya tamaşasına, lap elə teatr tamaşasına baxanda dekorasiya, rəssam işinə də xüsusi diqqət yetirir.
– Neçə nəfər belə tamaşaçı var?! Əgər rəssam dostların belə bəzən “sən orada nə iş görürsən” sualını verirsə... Bəlkə də indi düşünəcəksiniz ki, bu rəssam necə də eqoist adamdır. Televiziyada işlədiyi zaman fəxri ad da alıb. Bu diqqətə görə sağ olsunlar, minnətdaram.
– Müəllimliyə nə vaxtdan başladınız?
– Yaş məsələsi ortaya gələndə. Mənə get demədilər. Sadəcə, hiss edirdim ki, getməliyəm. Hansısa qüvvə var ki, adamın taleyini həll edir. “Space” TV-dən dəvət gəldi, AzTV-dən ayrıldım. Mədəniyyət və İncəsənət Universitetində dostum, Xalq rəssamı Xanlar Əhmədov mənə bu təhsil ocağında işləməyi təklif etdi. Artıq yeddi ildir orada çalışıram. Universitetdə özümü daha rahat hiss edirəm. Sanki yenidən sənətə qayıtmışam. Rejissor, rəssam və sənətşünaslara dərs deyirəm. Burada əlavə işləməyə vaxt da tapıram. Akvarellə işləməyə başlamışam.
– Təsviri sənətdə akvarelin ən çətin sahə olduğu deyilir.
– Bəli, akvarel birbaşa iş istəyir. Akvarellə işləmək mənə xoş gəlir və hər dəfə nəsə bir yenilik aşkar edirəm. Kompozisiya fərqini sevirəm. Məkan uğurun yarısıdır. Təbiət mövzularını sevirəm. Daim axtarışdayam. Yağlı boya ilə də işləyirəm. Portretlər çəkirəm.
– Bildiyim qədər, ailənizdə sizdə savayı rəssamlıqla məşğul olanlar var.
– Həyat yoldaşım Afaq Kərimova xalçaçı rəssamdır. Qızım Əfşan Əsədova bu sahədə dərs deyir. Oğlum Anar Əsədov da dizayner-rəssamdır.
– Bəs sizdən əvvəl ailədə rəssam var idi?
– Yox, o dövrdə mühəndislik dəbdə idi. Ailədə mühəndis olmağımı istəyirdilər. Mən memarlıq və rəssamlıq üzrə təhsil aldım.
– Tələbələrinizin arasında ümid etdikləriniz çoxdur?
– Mən onları, onlar da məni çox sevir. Öz övladlarım kimi yanaşıram onlara. Səbirsizliklə də dərslərimizi gözləyirik. Tələbələr həssas olurlar. Müəllimin, həqiqətən, öyrətmək istədiyini hiss edirlər. Necə ki, uşaq onu əmisinin, yoxsa dayısının çox istədiyini bilir...
– Yaradıcı mühitdən pedaqoji sahəyə keçmək çətin olmadı ki?
– Əsla. İnsan bu işdən zövq alır.
– Dostlarınızla tez-tez görüşürsünüz?
– Adam qocalanda tək qalır. Dost-tanış çoxdur. Əsl dost isə çox az olur. Yaş çoxaldıqca insan ruhuna yaxın olanı axtarır. Mən yumoru, klassik musiqini çox sevirəm.
– Yubiley tədbirinizi yay mövsümündən sonraya saxladınız...
– Yubileyimi payızda Rəssamlar İttifaqında sərgi ilə qeyd etməyi düşünürəm.
– O zaman yubiley sərginizdə görüşmək ümidi ilə...
Lalə Azəri