XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitində öz imzası ilə seçilən, milli düşüncəli şairlərdən biri də Ümgülsüm Sadıqzadə olub. İstiqlalımızın intişar tapmasından hədsiz məmnun olan, qələmə sarılan şair vətənpərvərlik ruhunda poeziya çələngi toxuyub. Bu il istiqlalçı şairin anadan olmasının 125 illiyidir.
Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini atasından alıb, ərəb və fars dillərini öyrənib. Kiçik yaşlarından ədəbiyyata, poeziyaya maraq göstərib. 1914-cü ildən şeirləri “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Dirilik”, “Məktəb”, “Azərbaycan” və digər qəzetlərdə dərc olunub. 1915-ci ildə qələmə aldığı “Solğun çiçək” adlı hekayəsi isə “Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb.
Ümgülsüm Sadıqzadə gənc yaşlarından dövrün ictimai siyasi hadisələrinə diqqət göstərib, şair qəlbi ilə öz münasibətini bildirib. I Dünya müharibəsində (1914–1918) Osmanlı dövlətinin məğlub olması ilə əlaqədar Bakıya əsir düşmüş minlərlə türk əsgər və zabiti gətirilir. Onlar çox ağır şərtlərdə Nargin (Böyük Zirə) adasında saxlanılır. Bundan xəbər tutan şair bərk sarsılır. 1917-ci ildə “Turan düdüyü” adlı şeirini qələmə alır. Müəllif “türk ruhu əsarətlə barışmayacaq, nə olursa olsun, qurtuluş yolu tapacaq və qalib gələcək” deyir. Şeirdə həm də iki türk xalqının bir-birinə arxa duracağına əminlik ifadə olunur:
Unudulmaz dərdim, ovunmaz qəlbim,
Gülsə cahan, gülməz bənim taleyim,
Gəl yaramı sən özün sar, sevgilim,
Duyulmaz, dərdimə dərman nerədə?
Dağıtdılar yuvasını bülbülün,
Xəzan vurdu yaprağını hər gülün,
Susdurdular nəğməsini bir elin,
Canana can verən o can nerədə?
Məlum olduğu kimi, 1917-ci ildə çar Rusiyasında iğtişaşlar baş qaldırır, imperiya süqut edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Cümhuriyyətin ayaq üstə durmasına qardaş Türkiyə (Osmanlı) dövləti böyük dəstək verir. Buna çox sevinən şair qəlbində baş qaldıran düşüncələrini poetik misralara çevirir. “Türk ordusuna”, “Ey türk oğlu!”, “Çəkil, dəf ol!”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirləri işıq üzü görür.
Ümgülsüm Sadıqzadə 1920-ci ilin 28 aprel işğalından çox pərişan olur və “Hicran” şeirini yazır. Azərbaycan bayrağı Parlament binasının üstündən götürüləndə o, “Bayrağım enərkən” şeirini qələmə alır. Onun istiqlal ruhlu şeirləri 1920–1930-cu illərdə Türkiyədə məskunlaşan azərbaycanlı siyasi mühacirlər arasında da geniş yayılır. Araşdırmalarda M.Ə.Rəsulzadənin mühacirətdə yazdığı əsərlərində həmin şeirlərdən də bəhs etdiyi bildirilir.
Tədqiqatçı Nəcibə Bağırzadə yazır ki, Ümgülsüm Sadıqzadə Azərbaycan milli istiqlalının gerçəkləşməsi üçün həm də əməli şəkildə mübarizə aparıb. Hər kişinin cəsarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə dilə gətirib. Müəllif 28 may 1925-ci ildə Azərbaycan Cümhuriyyətinin qurucusu Rəsulzadəyə ithaf etdiyi “Bən” şeirini qələmə alıb. Şeirdə bolşeviklərin işğalçılıq siyasətinin mahiyyəti açılır. Bildirilir ki, kommunistlər onun yurdunu yetim buraxıb. Üçrəngli bayrağı Azərbaycan xalqının başı üzərindən endirib. Ancaq o bayraq bir gün yenidən yüksələcək. Çünki Azərbaycan xalqının ruhu kommunizmlə deyil, millətçiliklə döyünməkdədir:
Kommunist, yurdumu buraxdın yetim...
Sanma ki, bununla ölən yigidəm.
Sana baş əyməyən nasionalistəm,
İstiqlalın ilk qurbanı bənəm...
Səndə “oraq” varsa, bənim “ay”ım var,
Oğuzdan aldığım altun yayım var,
Milliyyət denilən bir sarayım var,
Yaşlı diyarın göy pasibanı bənəm...
Ümgülsüm Sadıqzadə də işğaldan sonra Bakıda bolşeviklərin haqsız təqib və təhdidləri üzündən ailəsi ilə birlikdə Xızıya köçür. Şəhərdən uzaqlaşsalar da, 1937-ci ildə həyat yoldaşı görkəmli yazıçı, tənqidçi Seyid Hüseyn həbs edilərək bir il sonra güllələnir. Ümgülsüm də “xalq düşməni”nin həyat yoldaşı kimi dindirilir. Mənzilində axtarış aparılır, əmlakları müsadirə olunur. Şəhərdə əsərlərinin satışı və oxunması qadağan edilir. Bütün bunlara baxmayaraq, Ümgülsüm Sadıqzadə milli istiqlalın bərpa olunacağına inamını itirmir. Bayıl həbsxanasında ikən belə Sovet rejimini ittiham edən “Xəzərə xitab” şeirini yazır:
Gözümüz yaşlıdır sinəmiz dağlı,
Mən deyim dərdimi, dinlə ey dəniz!
Ana qəlbi olur balaya bağlı,
Dinlərmisən məni, söylə, ey dəniz?
Bir gecə yarısı əziz balamız
Alındı əlimizdən bir laçın kimi.
Söndü işığımız, uçdu yuvamız,
Həyat tarixində bunu gördünmü?
O, həbsdə olduğu müddətdə həm də “Qala xatirələrim” adlı xatirat yazır. Bir neçə ay Bayıl həbsxanasında saxlanılır. Sonra sorğusuz-sualsız 8 il həbs cəzasına məhkum edilir. Rusiyanın Mordoviya vilayətindəki Temlaq islah əmək düşərgəsinə göndərilir.
Haqsızlıq burulğanında çırpınan məsum şairənin qırılmayan ümidi duyğulu qəlbini titrədir. “Hicran” şeirində istiqlalını itirən Azərbaycan xalqının əsirlik həyatını, ağrılarını yada salır.
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, “ümidini qırma” dedilər!
Ümgülsüm Sadıqzadə 1943-cü ildə azadlığa buraxılması üçün SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edir. O, 1944-cü ilin aprel ayında həbsdən azad olunur. Bir neçə gün Bakıda qalır. Ancaq ona bu şəhərdə yaşamağa icazə verilmir. Bu səbəbdən Şamaxıya köçür. Burada bir neçə ay yaşayır. 17 sentyabr 1944-cü ildə, 45 yaşında Şamaxıda vəfat edir, Şaxəndan qəbiristanlığında dəfn olunur.
Savalan Fərəcov