Teatrı sevəsən, səhnədə çıxış edəsən, çətin ki sonradan onun cazibəsindən rahatlıqla ayrıla biləsən. Səhnədə hər hansı obrazı canlandırmaq tamaşaçı alqışı ilə bitmir. Onun sehri, zövqü qədər məsuliyyəti də var... “Mədəniyyətə könül verənlər” rubrikasının budəfəki qəhrəmanı səhnəyə qəlbən bağlanıb ömrünü sənətə həsr edənlərdəndir...
Aktrisa Güldərən Azayeva 1953-cü il mayın 9-da Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. Bakı Mədəni-Maarif Texnikumunu bitirib. 1970–1976-cı illərdə Çölbeşdəli kənd Mədəniyyət evinin direktoru vəzifəsində işləyib. Daha sonra Sabirabad rayon Mədəniyyət evinə dəvət alıb, burada dram dərnəyinin rəhbəri, metodist vəzifələrində çalışıb. 50 ildən çoxdur Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına Xalq teatrında aktrisa kimi çalışır.
Güldərən xanım bu sənətə təsadüfən gəldiyini bildirir: “Arzum həkim olmaq idi. Düzdür, hələ məktəb illərində teatr tamaşalarında oynayırdım. İlk rolum Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasında Zeynəb obrazı olub. Məktəbi bitirdikdən sonra sənədlərimi Tibb İnstitutuna verdim, ancaq qəbul ola bilmədim. Sonra taleyimi mədəniyyət sahəsinə bağladım. Çölbeşdəli kənd Mədəniyyət evinin direktoru oldum. Burada da tamaşalarda çıxış etməyə başladım. Bir gün məni Adil İsgəndərov adına Sabirabad Xalq teatrına işləməyə dəvət etdilər”.
Müsahibim bu günədək teatrda Azərbaycan və dünya ədiblərinin əsərləri əsasında hazırlanan yüzlərlə tamaşada rol alıb. Səməd Vurğunun “Vaqif”ində Xuraman, Qeybulla Rəsulovun “Əlvida Hindistan”ında Şəzərət, Əbil Yusifovun “Odlar içində” əsərində Azadə, Rafael Hüseynovun “1109 nömrəli məhbus” əsərində Dilbər, Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən tamaşada Şuriyyə xanım, S.S.Axundovun “Tamahkar” əsərində Nabat, Altay Məmmədovun “Bekarçılıq kontoru”nda Arəstə, “Həmyerlilər”ində Zeynəb, Bəxtiyar Vahabzadənin “Qızıl alma” əsərində Aysel, Orxan Kamalın “Yad qızı”nda Nazan, digər yaddaqalan obrazları canlandırıb: “Son vaxtlarda “Bu məmləkət sənsiz deyil, səninlədir”, “Qarabağ Azərbaycandır!”, “Kəlbəcərə yağış yağır”, “İlahi dərd”, “Xocalı harayı”, “20 Yanvar” və s. tamaşalarda baş rollarda yer almışam. “Bu məmləkət sənsiz deyil, səninlədir” əsəri Ulu öndər Heydər Əliyevin həyatından bəhs edir. Hazırda bu əsəri yenidən hazırlayırıq”.
Aktrisa teatrın kollektivi ilə birlikdə ölkə daxilində bir sıra qastrol səfərlərində də iştirak edib: “Çalışdığım A.İsgəndərov adına Xalq teatrı Mədəniyyət Nazirliyinin müxtəlif layihələri çərçivəsində öz tamaşaları ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının səhnələrində çıxış edib.
Teatrımızın Azərbaycanın müxtəlif rayonlarına qastrol səfəri də reallaşıb. Kollektivimiz 1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində tez-tez olub, Vətən uğrunda döyüşən əsgər və zabitlərimiz qarşısında dəfələrlə çıxış edib”.
Bir aktrisa kimi ona verilən rolların öhdəsindən məharətlə gəldiyini deyən müsahibim Səməd Vurğunun “Vaqif” dramındakı Xuramanı qəlbinə ən yaxın obraz kimi dəyərləndirir.
Güldərən Azayeva fəaliyyəti dövründə Mədəniyyət Nazirliyi, Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və digər qurumların fəxri fərman və diplomları ilə təltif edilib.
Nurəddin