“La Biennale di Venezia” – Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindəndir. 1895-ci ildə əsası qoyulan sərgi İtaliyanın Venesiya şəhərində hər iki ildən bir keçirilir.

Biennale dünyanın hər yerindən müasir incəsənəti təbliğ etmək və nümayiş etdirmək üçün yaradılıb. Beynəlxalq sərgi vizual incəsənət, memarlıq, kino, rəqs, musiqi və teatr da daxil olmaqla, geniş bədii sahələri əhatə edir.

Bu il aprelin 20-də açılan 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” şüarı ilə keçirilir. Biennalenin kuratoru Adriano Pedrosun bildirdiyinə görə, bu mövzu təsadüfən seçilməyib. Bu gün insanların müxtəlif ölkələrə köçməsi ilə fərqliliklər və çətinliklərlə müşayiət olunur. “Əcnəbilər hər yerdədir” ifadəsi iki məna daşıyır. Birincisi, hara getməyimizdən asılı olmayaraq hər yerdə əcnəbilərlə rastlaşırıq. İkincisi, istənilən yad bir yerə getsək, orada əcnəbiyik.

Venesiya Biennalesində “Xəzərdən çəhrayı planetə. Mən buradayam” adlı Azərbaycan pavilyonuna da ziyarətçilər böyük maraq göstərirlər. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə qurulan pavilyonun kuratoru müasir incəsənət sahəsi üzrə tənqidçi, professor Luka Beatrisdir. O, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olub.

Azərbaycan pavilyonunda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə səfərlər, səyahətlər və mühacirətin incəsənətə təsiri göstərilir. Şəxsi təcrübələrinə əsaslanan müəlliflər mövzunun Azərbaycan üçün aktuallığını çatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əks etdirir, eyni zamanda incəsənət vasitəsilə digərinə hörmətlə yanaşmağın vacibliyini ifadə edirlər.

Qeyd edək ki, ölkəmiz dünyanın mötəbər sənət sərgisində 2007-ci ildən – artıq 9-cu dəfə təmsil olunur. 88 ölkənin milli pavilyonunun qurulduğu builki biennale noyabrın 24-dək davam edəcək.