Xəbər verdiyimiz kimi, Avropanın üç böyük kino müsabiqəsindən biri olan Kann Film Festivalı bu il 14–25 may tarixlərində keçirilib.

Sayca 77-ci festivalın baş mükafatına – “Qızıl palma budağı”na amerikalı rejissor Şon Beykerin “Anora” filmi layiq görülüb. Rusiyalı aktyorların da çəkildiyi film rus oliqarxın oğlunun amerikalı striptizçi qızla evlənməsi və həmin oliqarxın nəyin bahasına olursa-olsun bu evliliyə son qoymağa çalışmasından bəhs edir.

Festivalın ikinci mükafatı sayılan Qran-pri (“Gümüş palma budağı”) hindistanlı xanım rejissor Payal Kapadianın “Hər şeyi işıq kimi təsəvvür edirik” filminə verilib.

“Münsiflər heyətinin mükafatı”nı isə fransalı rejissor Jak Odiarın “Emiliya Peres” musiqili-kriminal dramı qazanıb. Bu filmdə çəkilən Selena Qomes, Zoe Saldana, Adriana Pas və Karla Qaskon isə “Ən yaxşı aktrisa” nominasiyasında mükafatı bölüşüblər.

“Ən yaxşı aktyor” nominasiyasında Cessi Plemons (“Xeyirxahlıq” filmi, rejissor Yorgos Lanthimos) qalib olub.

Portuqaliyalı Migel Qomes “Böyük səyahət” filminə görə “Ən yaxşı rejissor”, fransalı Korali Farja “Maddə” filminə görə “Ən yaxşı ssenari” mükafatını qazanıb.

Builki festivalın fəxri “Qızıl palma budağı”na isə dünya kinosunun iki məşhur siması – amerikalı rejissorlar Frensis Ford Koppola və Corc Lukas layiq görülüblər.