Olaylar, faktlar (28 may – 3 iyun)

 

1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. 1956-cı ildən uşaqlarla bağlı daha bir gün, BMT tərəfindən təsis olunan 20 noyabr – Dünya Uşaq Günü də qeyd olunur.

 

571 il əvvəl...

 

29 may 1453-cü ildə Sultan Mehmetin (Fateh) başçılıq etdiyi Osmanlı ordusu Bizans (Şərqi Roma) imperiyasının paytaxtı Konstantinopolu fəth edib. 330-cu ildə Bizans imperatoru Konstantin tərəfindən əsası qoyulan şəhər strateji əhəmiyyətinə görə daima böyük dövlətlərin mübarizə obyekti olmuşdu. Şəhərin türklər tərəfindən fəthi onun əldən-ələ keçməsinə son qoydu. İstanbul adlandırılan şəhər Osmanlı dövlətinin paytaxtı elan edildi.

 

469 il əvvəl...

 

29 may 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514–1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan (İmeretiya, Meqreliya, Quriya) Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.

 

111 il əvvəl...

 

30 may 1913-cü ildə Balkan müharibəsinin (1912–1913) yekunları ilə bağlı London müqaviləsi bağlanıb. Osmanlı imperiyası Krit adası istisna olmaqla, Balkanlardakı bütün ərazilərindən əl çəkib.

 

106 il əvvəl...

 

28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. İclasda “İstiqlal Bəyannaməsi” qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə köçdü.

 

104 il əvvəl...

 

3 iyun 1920-ci ildə bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərinə daxil olublar. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal edib.

 

86 il əvvəl...

 

2 iyun 1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmişdi. 1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başladı. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.

 

32 il əvvəl...

 

3 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Hazırladı: V.Orxan