İyunun 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Bir qalanın sirri” nağıl-tamaşasının premyerası olacaq.

Premyera teatrın 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə ərməğanıdır. Səhnə əsəri həmin gün iki seansda – saat 15:00 və 16:15-də nümayiş olunacaq.

Folklorşünas-alim, dramaturq, professor Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Rəmziyyə İsmayılova, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada Əməkdar artistlər Elxan Quliyev, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Sevinc Əliyeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, aktyorlar Cavidan Novruz, Ramin Şıxəliyev, Məhsəti Tahirzadə, Xədicə Novruzlu, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Elçin Əfəndi, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Şəhla Əliqızı, Firuzə Balayeva və Tural İbrahimov iştirak edirlər.

"Bir qalanın sirri” əsərində xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, namuslu insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur gənc usta Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər. Tamaşada göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə insana sevinc, xoşbəxtlik bəxş edir.

Qeyd edək ki, M.Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə “Bir qalanın sirri” adlı tammetrajlı bədii film lentə alınıb.