Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Mədəniyyət Günü Festivalında Azərbaycan da təmsil olunub.

Hacettepe Universitetində keçirilən festivalda Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Əlcəzair, İndoneziya, Banqladeş, Qırğızıstan, Efiopiya, Çad, İordaniya, Liviya və s. ölkələr öz mədəniyyətlərini və mətbəxlərinə dair stend təqdim ediblər.

Festivalda ölkəmizi Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbir çərçivəsində Azərbaycan stendi qurulub. Stenddə Azərbaycanın dövlətçiliyi, tarix və mədəniyyətinə dair nəşrlər, Heydər Əliyev Fondunun layihəsi ilə işıq üzü görən kitablar, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kəlağayılar nümayiş etdirilib.

Festival iştirakçıları Azərbaycan mətbəxinin təamlarına, habelə milli şirniyyatlarımıza qonaq ediliblər.

Festivalda Türkiyə və iştirakçı ölkələrin musiqi və rəqs qruplarının çıxışları maraqla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblı milli rəqslərimizi ifa edib.