Səttar Axundov istedadlı yazıçı-dramaturq kimi də tanınıb
Xalq yaddaşının öyrənilməsi bir ulusun adət-ənənələrinə, deyim-duyumuna, bütövlükdə etnik-mədəni sisteminə işıq salmaq deməkdir. Dramaturq, folklorşünas Səttar Axundov da bədii əsərləri ilə yanaşı, xalq aşıq şeirinin öyrənilməsi və nəşri sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Tanınmış ziyalını anadan olmasının 110 illiyi münasibətilə yada saldıq.
Səttar Mirzə Əli oğlu Axundov 1914-cü ildə indiki Füzuli rayonunun Аlхаnlı kəndində ruhani ailəsində dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alıb. Atası 1923-cü ildə gözlənilmədən vəfat edir. Səttar anasının və böyük qardaşının himayəsində böyüyür. Orta məktəbi bitirdikdən sonra Pedaqoji İnstitutun (indiki ADPU) Dil və ədəbiyyat şöbəsinə qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində Respublika Xalq Yaradıcılığı Evində əmək fəaliyyətinə başlayır. 1939-cu ilin payızında ordu sıralarına çağırılır. II Dünya müharibəsinin iştirakçısı olur. Ordudan tərxis olunduqdan sonra əvvəlki iş yerinə qayıdır. Ədəbi yaradıcılıqla yanaşı, folklor nümunələrini, xüsusilə aşıq yaradıcılığını araşdırır.
Səttar Axundov ədəbiyyata “Çətin dərə” adlı əsəri ilə gəlir. Müharibə illərində azərbaycanlı gənclərin ön cəbhədə göstərdiyi qəhrəmanlıqlardan bəhs edən əsər 1942–1943-cü illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib, sənətsevərlər tərəfindən maraqla qarşılanıb. İlk pyesinin uğurlu səhnə taleyi onun dramaturgiyaya marağını daha da artırır. Bir-birinin ardınca “Qayğı”, “Dostlar”, “Məhəbbət nişanəsi”, “Düşərgədə nişan”, “Məzəlizadələr”, “Almasın qızları”, “El gücü, sel gücü”, “Nişan üzüyü” və başqa pyeslərini qələmə alıb. Bu əsərlər Naxçıvan, Gəncə, Ağdam, Xankəndi, Mingəçevir və Lənkəran teatrlarında müvəffəqiyyətlə tamaşaçılara təqdim edilib. “Zərif tellər” əsəri isə Akademik Milli Dram Teatrında oynanılıb. Araşdırmalardan məlum olur ki, respublikanın əksər bölgələrinin dövlət və xalq teatrlarında onun 35 əsəri tamaşaya qoyulub.
Uzun müddət Respublika Xalq Yaradıcılığı Evində çalışması Səttar Ахundоvu özfəaliyyət tеаtrlаrınа daha çox yахınlаşdırır. О kiçik həcmli pyeslərini qələmə alarkən rаyоn mərkəzlərindəki klub və mədəniyyət evlərinin səhnə imkаnlаrını, hаbеlə həvəskar artistlərin ifaçılıq səviyyəsini nəzərə alıb. Bir çох şəhər və qəsəbələrin özfəaliyyət kollektivləri S.Ахundоvun əsərlərini səhnələşdirərək zəhmətkeşlər qarşısında nümayiş etdiriblər.
Müəllif uğurlu nəsr nümunələri də qələmə alıb. “Araz əfsanəsi”, “Güllü xalça” hekayələri qədim xalçaçılıq sənətindən bəhs edir.
S.Axundov bədii yaradıcılıqla elmi araşdırmalarını paralel şəkildə aparıb. Aşıq Teymur, aşıq Ədhəm, Şeyda Əziz və başqalarının yaradıcılığını təhlil süzgəcindən keçirib. O, eyni zamanda Q.Zakir, M.S.Sabahi, M.P.Vaqif, Aşıq Pəri, Həsən Əli oğlunun bir neçə şeirinin yer aldığı, tanınmış şair və tarixçi-salnaməçi Mir Mehdi Xəzaninin şeirlər dəftərini aşkara çıxararaq tədqiqata cəlb edib. S.Ахundоv ümumilikdə, 150 min misra aşıq şеiri, bаyаtı, аtаlаr sözü, 15 dаstаn, yüzə yaxın nаğıl və s. tоplаyıb nəşr etdirib. “Аşıqlаr”, “Dəniz hаqqındа nəğmə”, “Çоbаn Əfqаn”, “Аşıq Bilаl” və s. kitаblаrı elmi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanıb. Tədqiqatçının min bir zəhmətlə toplayıb qoruduğu arxiv sənədləri arasında 1961-ci ildə keçirilmiş Azərbaycan aşıqlarının III qurultayının materialları da böyük əhəmiyyət kəsb edir. S.Axundovun yazar və folklorşünaslıq fəaliyyəti Xalq yazıçısı Mehdi Hüseynin diqqətindən yayınmayıb. Yazıçı, xüsusilə, onun “Araz əfsanəsi” povestini yüksək dəyərləndirib.
Həyatını bədii yaradıcılığa və xalq yaradıcılığının öyrənilməsinə həsr edən Səttar Axundov 11 sentyabr 1994-cü ildə, 80 yaşında dünyasını dəyişib.
Savalan Fərəcov