Fotolar tarixin vizual yaddaşıdır. Fotoqrafiyanın kəşf olunmasından təxminən bir əsr yarım vaxt keçib. Amma audiovizual texniki yeniliklərin bir-birini sürətlə əvəzlədiyi çağdaş zamanda köhnə ağ-qara fotolara baxanda bəzən bizə elə gəlir ki, bu sənətin neçə yüzilliklər yaşı var. Fotolarda insan ömürlərinin anları ilə yanaşı, ölkənin, xalqın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bir anlıq “donan” səhifələri də tarixə köçür. “Foto-yaddaş” rubrikasında mədəniyyət tariximizin ağ-qara şəkilli səhifələrini ara-sıra vərəqləyəcəyik.

***

1985-ci ildə Azərbaycanın klassik musiqi və milli bəstəkarlıq sənətinin banisi Üzeyir Hacıbəylinin 100 illik yubileyi tərkibində olduğumuz SSRİ miqyasında geniş şəkildə qeyd edildi.

Moskva şəhərində Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli gecəyə hazırlıqla bağlı komissiyanın növbəti iclası (1985).

Sağdan sola: Tixon Xrennikov – SSRİ Bəstəkarlar İttifaqının sədri (komissiyanın sədri); Zakir Bağırov – Azərbaycan SSR mədəniyyət naziri; Vəfa Quluzadə – Azərbaycan KP MK-nın Mədəniyyət şöbəsinin müdiri; Aqşin Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi; Tofiq Quliyev – bəstəkar, Azərbaycan SSR Xalq artisti.

Azərbaycan Respublikası Kino Foto Sənədləri Arxivi (inventar N 191526).