Bu cümləni tam fərqli fikirlərlə davam etdirmək olar. Hələliksə, bunu deyirik ki, həmin gözəl qadının qınağının hədəfi kürsüdə əyləşmiş kişidir, üstəlik, qınağın mənbəyi də sevgidir. Söhbət iyunun 2-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilən premyeradan gedir.
Həmin gün teatrda dünyaşöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin “Kürsüdə əyləşmiş kişiyə sevgi qınağı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilk dəfə oynanıldı. Monotamaşa Xalq artisti Natalya Şarovskayanın 65 illik yubileyinə həsr olunub.
Quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovskinin rəhbərlik etdiyi yaradıcı komandada Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov dekorasiya üzrə, Olqa Abbasova geyim üzrə rəssam, Vladimir Neverov isə musiqi tərtibatçısı vəzifələrini icra ediblər. Əsərin xoreoqrafik həlli üzərində Olqa Arsentyeva, işıq effektləri üzərində isə Nikolay Rudıçev çalışıblar.
Natalya Şarovskaya istedadlı və təcrübəli aktrisa kimi tanınsa da, cari repertuarda kifayət qədər məşğul olsa da, təxminən 1 saat davam edən tamaşa boyunca salonu öz cazibəsində saxlaya bildi. Əsər gümüş toyuna hazırlaşan çox imkanlı kişinin həyat yoldaşı olan Qadının öz ərinə qarşı dəlicəsinə vurğunluqdan tam biganəliyə qədər irəliləyən hisslərindən bəhs edir.
Uğurla keçən tamaşadan sonra sevimli aktrisalarını bir daha seyr etmək üçün teatra təşrif gətirmiş tamaşaçılar, sənətkarı hətta çox kiçik yaşdan tanıyan, orta məktəbdən dostluq edən ziyalılar Natalya Şarovskayanı təbrik etdilər.
Baş rejissor Xalq artisti Aleksandr Şarovski Mədəniyyət Nazirliyi və teatr rəhbərliyi adından təbrikləri yubilyara çatdırdı.
Gecənin sonunda yubilyar çıxış edərək dedi: “Əvvələn, öz valideynlərimə minnətdaram ki, məni belə gözəl ölkədə dünyaya gətiriblər. İllərlə birlikdə çalışdığım teatrın rəhbərliyinə bu diqqətə görə, kollektivə isə bu dəstəyə görə çox minnətdaram”.
Gülcahan