Uşaq ədəbiyyatımızda ən maraqlı nümunələrdən biri Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsidir. Sənətkarlıq və məzmun baxımından seçilən əsər, bədii məziyyətləri ilə yanaşı, yetişən nəsillərə mənəvi saflığın aşılanmasına, bütün çətinliklərə rəğmən yüksək insani keyfiyyətlərin qorunmasına xidmət edir.

Geniş tamaşaçı auditoriyası mərhəmətli qızcığazın kədərli hekayəsi ilə 1966-cı ildə (rejissor Şamil Mahmudbəyov) böyük ekrana çıxan eyniadlı filmlə tanış olub. Amma buna qədər əsər teatr səhnəsində tamaşaçı ilə görüşüb. Görkəmli ədib Abdulla Şaiq 1948-ci ildə S.S.Axundovun “Qaraca qız” hekayəsi əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazır və bu nümunə teatrın repertuarında uzun müddət maraqla izlənilir. Bundan əlavə, tanınmış bəstəkar, Xalq artisti Əşrəf Abbasov əsər  əsasında uşaqlar üçün ilk milli balet (libretto: Əfrasiyab Bədəlbəyli) yazıb.

Zaman-zaman klassik nümunələrə yenidən qayıtmaqla uşaq və yeniyetmələri fərqli mövzularda cəlb etməyə çalışan Gənc Tamaşaçılar Teatrı da bir daha bu əsərə müraciət edib.

Beləliklə, iyunun 2-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Qaraca qız” tamaşasının premyerası oldu.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rejissor assistentləri Sona Mikayılova, Gülnar Əlövsətqızı, rəssamı Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

Birhissəli tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov rol alıblar.

Quruluş müəllifi səhnə əsərində cəmiyyətdəki ayrı-seçkilik, insanlar arasındakı təbəqələşmə, varlı ilə kasıb, özünü ali hesab edənlə adi cəmiyyət fərdləri arasında yaradılmış, bir növ acı da olsa, qəbul edilmiş düşüncə tərzinə etirazını bildirir. Tamaşada əsərin faciəvi sonluğuna vurğu edilməsi də məhz buna xidmət edir və insanların mənəvi şikəstliyi hesabına qazanılan maddi üstünlüyə etiraz ifadəsidir.

Hekayətdən də bəlli olduğu kimi, valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır. Amma hadisələrin cərəyanı nəticəsində o, qaraçı dəstəsindən ayrı düşür. Təkbaşına taleyin ümidinə qalan Tutunu meşədə dostları ilə ova çıxan Hüseynqulu ağa tapır və xeyirxahlıq göstərərək malikanəsinə gətirir. Hər kəsin Qaraca deyə çağırdığı qızcığaz bağban Piri babanın yanında yaşamağa başlayır. Hüseynqulu ağanın qızı Ağca ilə tanış olduqdan sonra həyatı dəyişir. O artıq özünə sadiq dost qazandığını zənn edir. Geyim-kecimlərindəki kəskin fərq onların dostluğuna mane olmur. Amma bu, Ağcanın anası Pəricahan xanımın heç xoşuna gəlmir. Amansız qadın onları ayırmağa müvəffəq olur. Bir gün dostu Ağcanı ilan sancır və Qaraca qız özünü fəda etməklə onu xilas edir. İlanın zəhəri həyatına son qoyur.

C.Səlimovanın quruluşunda biz səliqəli, sadə tərtibatla klassik nümunəyə xarakterik baxış gördük. Öz rejissor üslubu ilə daim seçilən Cənnət xanım bizi məlum hekayətə  fərqli təsvir fonunda aparmaqla tamaşaçını səhnə ilə yanaşı real həyata, bir növ indi də rastlaşdığımız Qaraca qızların taleyinə yaxından baxmağa səslədi.

Tamaşanın səhnə tərtibatı ilə bərabər, geyimlər də rəng və konstruksiya baxımından sadə və maraqlı idi. Aktyor heyəti də mürəkkəb insan münasibətləri, maddi dəyərlərin mənəvi keyfiyyətləri darmadağın etməyə çalışdığı səhnə aktı vasitəsilə ümumi ideyadan irəli gələn məqamları səlis ifadə etdi.

Həmidə