Tamaşa və konsertlər

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub. Səhnə işi 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunub.

Tamaşanın personajları Çeki, Portağal, Hikmət və İsi yağışın, ətraf aləmə faydası haqqında uşaqları məlumatlandırıb. Bildiriblər ki, torpağın canlanmasında yağışın önəmli rolu var.

Sonda uşaqlar sevdiyi personajlarla birlikdə, rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

***

Uşaqların bayramı münasibətilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tanınmış yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış eyniadlı birhissəli tamaşanın premyerası olub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı NMR-in Əməkdar rəssamı Rafael Qədimov, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Uşaqlara mərhəmət, sevgi və dürüstlük aşılayan ibrətamiz səhnə əsərində Ulduz Süleymanova, Süleyman Süleymanov, İlqar Babayev, İlham Babayev, Əfqanə Ələsgərova, Sənan Abutalıbov və İbad Nəbiyev rol alırlar.

***

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestri isə bayram münasibətilə növbəti konsert proqramını təqdim edib.

İyunun 1-də bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən konsert eyni zamanda orkestrin 15 illiyinə həsr olunub.

Musiqi axşamında orkestrin respublika və beynəlxalq müsabiqələr laureatları olan solistləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

***

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə uşaqların bayramına həsr olunmuş tədbir keçirilib.

Şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş etdirilib, mahnılar ifa olunub.

Tədbir çərçivəsində tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə keçirilmiş bədii qiraət müsabiqəsinin qaliblərinə təşəkkürnamələr təqdim edilib.