Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının (BBT) səhnələşdirdiyi “Xan qızı” tamaşası nümayiş olunub.

Tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyi və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edilib.

Tamaşanın nümayişindən əvvəl Teatr Xadimləri İttifaqı sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov çıxış edərək İlyas Əfəndiyevin genişşaxəli yaradıcılığından bəhs edib.

Bildirib ki, İlyas Əfəndiyevin dram əsərlərinin böyük uğurla tamaşaya qoyulması Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynayıb. Onun əsərləri ədəbi aləmə, teatr mühitinə yeniliklər gətirib. Yazıçının “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Əsərdə olduğu kimi, tamaşada da dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulub.

Xalq yazıçısının yaradıcılığı ilə Xalq artisti Amaliya Pənahovanın birgə ərsəyə gətirdiyi tamaşaları qeyd edən Əməkdar incəsənət xadimi Məryəm Əlizadə deyib. Qeyd edib ki, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan eyniadlı tamaşada Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahova bənzərsiz və özünəməxsus şəkildə yaradıb.

Xalq artisti Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin əsərləri ilə Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətlər göstərdiyini vurğulayıb.

Səhnə əsərinin təqdimatından sonra ekranda Xalq artisti Amaliya Pənahovanın vaxtilə tamaşada yaratdığı obraz nümayiş olunub.

Səhnə əsərinin rejissoru Mərahim Fərzəlibəyov və Xurşidbanu Natəvan obrazını ifa edən aktrisa Ülviyyə Rza Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görülüblər.