Çinin “Çanye-6” avtomatik enib-qalxma modulu iyunun 4-də Ayın səthindən topladığı süxur nümunələri ilə birlikdə Yerə doğru hərəkətə başlayıb.
Çin Dövlət Kosmos Administrasiyasının (CNSA) məlumatına görə, bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən ilk süxur toplama missiyasıdır.
Qeyd edək ki, Çinin Ayın görünməyən tərəfindən süxur toplayıb gətirmək üçün başlatdığı “Çanye-6” missiyasına mayın 3-də start verilib. CNSA missiyanın təxminən 53 gün davam edəcəyini planlaşdırıb. Enib-qalxma modulu iyunun 2-də Ayın Cənub qütbü – Eytken hövzəsinə enib. Bu, Ayın səthində, ümumilikdə Günəş sistemində krater zərbəsi nəticəsində yaranmış ən qədim, ən böyük və ən dərin hövzədir. Həmin ərazidən götürülən nümunələr Ay haqqında yeni məlumat əldə etməyə imkan verəcək.
Bundan öncə Çinin “Çanye-5” kosmik aparatı 2020-ci ildə Ayın Yerdən görünən tərəfindən nümunələr gətirib.