Olaylar, faktlar (4 – 7 iyun)
360 il əvvəl...
6 iyun 1664-cü ildə Britaniya ilə Niderland arasında Amerikadakı müstəmləkələrə nəzarət uğrunda müharibə başlayıb. İlk döyüşdə qalib gələn ingilislər Nyu-Amsterdam şəhərini ələ keçiriblər və onun adını dəyişərək Nyu-York qoyublar.
146 il əvvəl...
4 iyun 1878-ci ildə Britaniya və Osmanlı imperiyası arasında Kipr konvensiyası imzalanıb. Osmanlı Kipr adasını Britaniyanın idarəçiliyinə verərək əvəzində Rusiya ilə Balkan müharibəsində (1877–1878) ondan yardım almalı idi. Lakin Osmanlı müharibədə məğlub oldu və Balkanların böyük hissəsinə də, Kiprə də nəzarəti itirdi.
119 il əvvəl...
7 iyun 1905-ci ildə Norveç-İsveç uniyasına (ittifaq) son qoyulub. Norveç parlamenti (Stortinq) ölkədə keçirilmiş referendumun nəticələrini nəzərə alaraq yüz ilə yaxın qüvvədə olan ittifaq sazişini pozmaq barədə qərar çıxarıb. Norveç müstəqil krallıq olub. İsveç 1814-cü ildə Norveçlə müharibədə qalib gələrək onu özü ilə ittifaqa məcbur etmişdi.
106 il əvvəl...
4 iyun 1918-ci ildə Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanındı.
104 il əvvəl...
6 iyun 1920-ci ildə Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri iyunun 16-da üsyanı yatırıb. Hafiz Əfəndi dəstəsi ilə Gürcüstan ərazisinə keçib.
57 il əvvəl...
5 iyun 1967-ci ildə Yaxın Şərqdə “Altıgünlük müharibə” başlanıb. İsrail ordusu Misir, Suriya, İordaniya və İraqın birləşmiş qüvvələrini qısa müddətdə (10 iyun) məğlub edib, Misirin Sinay yarımadasını, Suriyanın Qolan təpələrini ələ keçirib. Misir hökuməti ABŞ və Britaniyanın İsraili dəstəkləməsinə etiraz olaraq Süveyş kanalını bağlayıb. Dünya gəmiçiliyi üçün böyük əhəmiyyət daşıyan kanal yalnız 1975-ci ildə açıldı. 1979–1980-ci illərdə Misirlə aparılan Kemp-Devid (ABŞ) danışıqları nəticəsində İsrail Sinayı tərk etdi.
52 il əvvəl...
5 iyun 1972-ci ildə Stokholmda (İsveç) ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfrans başlayıb. Həmin il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında 5 iyun – Dünya Ətraf Mühit Günü (World Environment Day) kimi təsis olunub.
31 il əvvəl...
4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub. Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı dərinləşdirib, ölkə vətəndaş müharibəsi astanasına gəlib.
Hazırladı: V.Orxan