Mayın 31-də Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyində “Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi konfrans keçirilib.
Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ilə birgə təşkil edilən konfrans böyük şair və maarif xadimi M.Ə.Sabirin (1862–1911) anadan olmasının 162-ci ildönümünə həsr olunub.
Sabirin ev-muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaratmış şairin yaradıcılığı, maarifçilik fəaliyyəti barədə danışıb. Qeyd edib ki, Sabirin satiraları özünəməxsusluğu, sələflərinin poeziyasından fərqli xüsusiyyətləri ilə seçilir, milli və bəşəri mövzuları əhatə edir. Milli oyanışa və azadlıq məfkurəsinə, tərəqqiyə çağırış motivləri ilə zəngin olan M.Ə.Sabir və C.Məmmədquluzadə irsi həmişə öz aktuallığını qoruyub saxlayacaq.
Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Yeganə Məmmədova məruzəsində hər iki ədibin eyni məsləyə, eyni əqidəyə xidmət edən dostluğundan ətraflı söhbət açıb. Bildirib ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin bütün qolları milli ideallara, xalqın maariflənməsinə xidmət edib.
Çıxışlardan sonra Şamaxıdakı “Avropa” liseyi və M.Veyisov adına 6 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.