Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri və “Oyuq” uşaq teatrının yetirmələri maraqlı proqramla çıxış ediblər.
Teatrın repertuarındakı “Cırtdan”, “Göyçək Fatma” və “Qırmızıpapaq” tamaşalarından səhnəciklər göstərilib. Balaca ifaçıların təqdimatında vətənpərvər ruhlu nəğmələrdən ibarət “Cənnətim Qarabağ” adlı konsert proqramı da təqdim olunub.
Bayram tədbirində iştirak edən uşaqlara hədiyyələr verilib.