Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunan tədbir keçirilib. Mayın 31-də təşkil olunan tədbirdə Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi məktəbinin şagirdləri iştirak ediblər.

ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözündə uşaqları bayram münasibətilə təbrik edib. İttifaqda Uşaq bölməsinin fəaliyyət göstərdiyini və bəstəkarların uşaqlara həsr olunan əsərlərinin bu bölmədə müzakirə olduğunu diqqətə çatdıran Firəngiz Əlizadə qeyd edib ki, uşaqların bədii zövqünün formalaşmasında bəstəkar və musiqişünasların üzərinə mühüm vəzifə düşür.

Sonra musiqişünas-alimlər – ABİ-nin katibi Əməkdar incəsənət xadimləri, professor Zemfira Qafarova “Uşaqların təlim-tərbiyəsində musiqinin rolu”, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyeva “Müasir zamanda uşaq musiqisinin problemləri” mövzularında çıxış ediblər.

Bədii hissədə Xırdalan şəhər onbirillik Musiqi məktəbinin şagirdləri Sevinc İbrahimovanın rəhbərliyi ilə “Uşaqların sevinci” adlı musiqili kompozisiya təqdim ediblər.  Kompozisiyaya daxil olan mahnıların musiqisi və sözlərinin əksəriyyəti S.İbrahimovaya aiddir.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı olub.