Azərbaycan

 

8 iyun 1885 – Arxeoloq Davud Mikayıl oğlu Şərifov (1885–1952) Tiflisdə doğulub. Azərbaycan Dövlət Tarix Muzeyinin müdiri olub, arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb.

8 iyun 1900 – Heykəltaraş İbrahim Hilal oğlu Quliyev (1900–1938) anadan olub.

8 iyun 1981 – Azərbaycanın ilk professional qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (18.4.1897 – 1981) vəfat edib. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub.

 

9 iyun 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 – 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

9 iyun 1960 – Tanınmış rəssam Ucal Həsən oğlu Haqverdiyev (1960–2004) Bakıda anadan olub. Əsərləri Fransa, Avstriya, Almaniya, Türkiyə və s. ölkələrdə sərgilənib.

9 iyun 1984 – Naxçıvanda böyük şair-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.

9 iyun 1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib. Mahnı Teatrını yaradıb.

9 iyun 2021 – Xalq artisti, aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (20.7.1948 – 2021) vəfat edib.

 

10 iyun 1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 – 27.12.1975) anadan olub. Elmi tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.

10 iyun 1910 – Əməkdar artist Anatoli Semyonoviç Urvantsev (1910–1971) anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.   

10 iyun 1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

10 iyun 1938 – Şair, tərcüməçi Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev; 1938 – 7.1.2022) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.

10 iyun 1982 – Bakıda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün xatirə muzeyi açılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

10 iyun 1983 – Xalq artisti, bəstəkar, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri olub.

10 iyun 1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s.

 

11 iyun 1892 – Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) Bakıda doğulub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, xarakterik obrazların parlaq ifaçısı olub. “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.

11 iyun 1923 – Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev (1923–2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.

11 iyun 2020 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (10.4.1939 – 2020) vəfat edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

Dünya

 

8 iyun 1810 – Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 – 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.

8 iyun 1837 – Rus rəssamı İvan Kramskoy (1837–1887) anadan olub. Tarixi və portret janrında əsərlərin müəllifidir.

8 iyun 1916 – İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini; 1916–2005) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə”) çəkib.

 

9 iyun 1870 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812 – 1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.

9 iyun 1891 – Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter; 1891-1964) anadan olub.

 

10 iyun 1819 – Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1819–1877) anadan olub.

10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow; 1915–2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.

10 iyun 1929 – Rus müğənnisi, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929–2009) anadan olub.

10 iyun 2008 – Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov (12.12.1928 – 2008) vəfat edib. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.

 

11 iyun 1864 – Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss; 1864–1949) anadan olub.

11 iyun 1899 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899–1972) anadan olub. “Dağın naləsi”, “Köhnə paytaxt” romanlarının müəllifidir.

11 iyun 1910 – Fransız dəniz səyyahı, fotoqraf, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910–1997) anadan olub.

Hazırladı: V.Orxan