Milli Kitabxananın dövri mətbuat arxivindən (17)

 

Mətbuat xronikasında bu dəfə yaxın tarixə və öz qəzetimizə nəzər salırıq. 15 il əvvəl bu günlər Azərbaycanın mədəni həyatından mətbu səhifələrdə nələr qalıb? “Mədəniyyət” qəzetindən iki seçmə...

 

“Arşın mal alan” Türkiyə səhnəsində

 

Mersin Dövlət Opera və Balet Teatrının səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası Türkiyənin cənub-şərq bölgəsində göstərilən ilk operetta kimi tarixə düşüb. Operetta böyük marağa səbəb olub, salona toplaşanlar tamaşanı sürəkli alqışlarla qarşılayıblar.

Tunceli valisi Mustafa Yaman tamaşanın nümayişindən sonra səhnəyə qalxaraq qardaş Azərbaycan bəstəkarının bu ölməz əsərinin vilayətdə operetta, opera janrlarında gələcəkdə nümayiş etdiriləcək əsərlərə yol açacağını bildirib.

Tamaşanın quruluşçu rejissoru Məlik Öztürk bildirib ki, “Arşın mal alan” operettası Türkiyənin cənub-şərqində Bingöl, Batman, Siirt, Bitlis və Hakkari vilayətlərində də göstəriləcək.

 

Çinlilər xalçalarımızı saxtalaşdırır

 

Standartlaşdırma və müəllif hüquqlarının qorunmasındakı problemlər Azərbaycan mallarına da təsir etməyə başlayıb. Dövlət qurumları vəziyyətdən çıxış yolunu şirkətlərin əmtəə nişanı almasında görürlər. Əmtəə nişanlarının olmamasına görə ilk zərbə Azərbaycanın qədim xalçalarına dəyib...

Ermənilərdən sonra indi də çinlilər xalçalarımızı saxtalaşdırmağa başlayıblar. Daha dəqiq desək, Çin də bizim naxışlarla xalça toxuyur və bunları Avropada “Azərbaycan xalçası” adı ilə satır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov bu məsələyə aydınlıq gətirərək bildirdi: “Əlimizdə artıq faktlar var ki, Çində Azərbaycan xalçaları toxunur və Avropaya çıxarılır. Avropada hətta erməni mağazalarında erməni xalçası adı ilə satılan xalçaların əksəriyyəti Azərbaycan xalçalarıdır”.

...Çıxış yolu Azərbaycan xalçaları və xalça naxışlarının əmtəə nişanı kimi qeydiyyatdan keçməyidir. Belə olsa, bu naxışlardan istifadə edənləri məhkəməyə verib onlara qadağa qoymaq olar. Artıq “Azərxalça” İstehsalat Birliyi bunun üçün Patent Komitəsinə müraciət edib, qurum da məsələni Ümumdünya Əqli Mülkiyyət Təşkilatı qarşısında qaldırıb. Təşkilatın nümayəndəsi Berti Bernsonun sözlərinə görə, xalçaların və ornamentlərin qorunması üçün bir neçə üsul var. Əvvəla, bu naxışlar sənaye nümunələri kimi qoruna bilər. Təbii ki, ayrı-ayrı bölgələrin özünəməxsus ornamentləri var. Azərbaycan bununla bağlı mövcud olan beynəlxalq sazişlərə qoşulmaqla, həmin ornamentlərin mənşəyini qoruya bilər...

“Mədəniyyət” qəzeti, 10 iyun 2009-cu il