XX əsr Azərbaycan ədəbiyyatşünaslığından söz açılanda ilk yada düşən alimlərdən biri də ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, pedaqoq, nasir, ictimai və dövlət xadimi, akademik Məmməd Arif Dadaşzadədir. İyunun 10-da görkəmli elm xadiminin anadan olmasının 120 illiyi tamam olur.

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 10 iyun 1904-cü ildə Bakıda anadan olub. İlk təhsilini rus-tatar (rus-Azərbaycan) məktəbində alır. Bir müddət müəllimlik edir. 1920–1925-ci illərdə Bakı Xalq Maarifi İnstitutunda təhsilini davam etdirir. Tələbəlik dövründən bədii yaradıcılıqla da məşğul olur. 1923-cü ildə “Molla Nəsrəddin” jurnalında “Məğmun xızılı” imzası ilə “Bədgümanam”, “Belə getsə düzələr”, “Elan”, “Mərsiyə xəbərləri” felyetonları dərc edilir. Eyni zamanda şeir və hekayələri də dövri mətbuatda işıq üzü görür.

Gənclik vaxtlarından onda arayıb-axtarmaq, faktların arxasınca gedib həqiqəti üzə çıxarmaq həvəsi də yaranırdı. İllər ötdükcə Azərbaycan və dünya klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyektlərinə çevrilir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsini bitirir. Daha sonra Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olur.

Məmməd Arif 1932–1938-ci illərdə Azərbaycan xalq maarif komissarının müavini, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunda Rus ədəbiyyatı kafedrasının baş müəllimi, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri işləyib. 1957–1959-cu illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində çalışıb. 1941–1945-ci illərdə “Vətən uğrunda” jurnalının redaktoru, Azərbaycan EA Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri olub. 1944-cü ildə “Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilib. Məmməd Arif 1960-cı ildən ömrünün sonunadək EA-nın vitse-prezidenti olub.

Araşdırmalarda qeyd edilir ki, Xalq şairi Səməd Vurğunun dram yaradıcılığı ilk dəfə Məmməd Arif tərəfindən monoqrafik tədqiqata cəlb olunub. Alimin “Səməd Vurğunun dramaturgiyası” monoqrafiyası elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Məlum olduğu kimi, S.Vurğunun “Aygün” poeması çap olunanda müəllif haqsız tənqidlərə məruz qalır. Akademik Məmməd Arif 1958-ci ildə yazdığı “Aygün” və müasirlik” adlı məqaləsində əsəri yüksək qiymətləndirir. Tədqiqatçı bildirir ki, poemada qoyulan həyati məsələləri şair quru öyüd-nəsihət tərzində deyil, canlı insan xarakterlərinin, təbii və real hadisələrin təsviri yolu ilə əks etdirib.

Məmməd Arif Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus ədəbiyyatı klassiklərindən Aleksandr Puşkin, Lev Tolstoy, Aleksandr Qriboyedov, Mixail Lomonosov, Anton Çexov, Maksim Qorki, Vladimir Mayakovski, Nikolay Ostrovski və başqaları haqqında da elmi məqalələr yazıb. O, araşdırmalarında həmçinin Azərbaycan-rus ədəbi əlaqələrinə də yer verib. Bu mənada, müəllifin “Lermontov və Səhhət”, “Krılov və Azərbaycan ədəbiyyatı”, “Rus klassiki Azərbaycan səhnəsində”, “Nekrasov və Abbas Səhhət”, “Maksim Qorki və Azərbaycan” məqalələrini qeyd etmək olar. Alim eyni zamanda ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki”nin müəlliflərindən biridir.

Məmməd Arif tərcümə sahəsində də fəaliyyət göstərib, R.Taqor, E.Remark, N.Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, N.Ostrovski, A.Barbüs, M.Servantes və başqa ədiblərin əsərlərini dilimizə çevirib. Onun əsərləri də bir sıra xalqların dillərinə tərcümə edilib.

Akademik Şəfaət Mehdiyev 1974-cü ildə “ən görkəmli elm və mədəniyyət xadimlərindən biri” kimi qiymətləndirdiyi Məmməd Arifə müraciətlə yazırdı: “Keçdiyiniz şərəfli yol bizim üçün də ibrətamizdir. Sizdən təkcə ədəbiyyatşünaslığı və mahir tənqidçiliyi deyil, bəlkə daha artıq həyatın keçilməmiş təlatümlü yollarında səbir və nəzakətlə, gələcəyə böyük inamla addımlamağı da öyrənmək olar...”.

Məmməd Arif 1963–1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. “Əməkdar elm xadimi” (1960) fəxri adına və “Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyasına görə Dövlət mükafatına (1974) layiq görülüb.

Prezident İlham Əliyevin  müvafiq sərəncamı ilə 2014-cü ildə görkəmli alimin anadan olmasının 110 illiyi ölkəmizdə geniş qeyd edilib.

Məmməd Arif 27 dekabr 1975-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

S.Fərəcov