Arada kiməsə ağızdolusu bu gerçəkliyi demək istəyirsən. Kimə? Əlbəttə ki, aynadakı sənə. Niyə? Çünki arada lazımdır! Özü də ən çox özünə qarşı yanlışlığa yol verib susanda. İşıq dirəyinin başındakı uçmuş yuvasından nigaran leylək kimi gözün uzaqlara dikiləndə...
Doğrudan sənin, mənim, onun qatarının çoxdan getdiyini kim təyin edir? Nə bilmək olar, bəlkə heç nə o vağzal, nə o sərnişin, nə də bu təyini verən bir kimsə yoxdur. Amma yox, bizim vağzalda saat var və o lənətə gəlmiş əqrəblər həmişə 21:15-i göstərir. Eybi yox, əsas odur ki, vağzal bələdçisinin daim pürrəngi çayı, kötüyü qalmış süpürgəsi və susmayan fıştırığı var. Belə yaşamağa nə vardı?!
Ötən ay (11 may) Yuğ Dövlət Teatrında türkiyəli dramaturq, məşhur beyin cərrahı Toyqun Orbayın Azərbaycan teatr camesinə yaxşı tanış olan “21:15 qatarı” tamaşasının premyerası oldu.
Səhnə əsərini teatrın baş rejissoru Mikayıl Mikayılov hazırlayıb. Tamaşanın mənim üçün üstün cəhəti onun iki heyətlə – yaşlı və nisbətən gənc nəsil aktyorlarla ərsəyə gətirilməsidir. Bu, müqayisə və təcrübə mübadiləsi üçün əla fürsətdir. Birinci heyətdə rolları Xalq artisti Məmmədsəfa Qasımov (Kişi sərnişin), Əməkdar artistlər Gülzar Qurbanova (Qadın sərnişin), Fərhad İsrafilov, Sonaxanım Mikayılova (Vağzal bələdçiləri) ifa edirdilər.
İkinci heyətdə isə Kişi sərnişin Elgün Həmidov, Qadın sərnişin Zümrüd Qasımova, Vağzal bələdçisi isə Vüqar Hacıyev idi. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
Ondan başlayaq ki, müəllif qarışıq (bunu bir müsahibəsində oxumuşam) mən də elə hesab edirəm ki, bu əsər, ümumiyyətlə, səhnələşdirmək üçün deyil. Çünki müəllif əsəri həyat həqiqətləri ilə baş-başa qalmağa məhkum etdiyi təkliklə yazıb. Yəni, bir növ, xəyal dünyası, irrealıq, bəlkə də heç vaxt baş verməyən hadisənin adi təzahüründə özünəməxsus gedişlərlə. Pisdirmi? Yox. Niyə? Çünki orada hər birimizə tanış sadə həqiqətlər var və az qala hamımız bunları əzbər bilirik. Amma nə yazıq ki, əməl eləmirik...
Məlumat üçün deyim ki, müəllifin bu birpərdəli pyesi 2002-ci ildə yazılıb və ölkəsi də daxil olmaqla bir neçə teatrın səhnəsində sənət ömrü yaşayıb. Elə bizim bir neçə teatrımızda da. Heç kim inciməsin, amma bu tendensiya da dəyişmək bilmir. Arayıb-axtarmaq, dramaturji mətndən çox traktovka üzərində var-gəldən, rejissor açarı dediyimiz o nəsnə ilə tablaşa bilmədiklərindən az qala eyni müəlliflərin eyni əsərlərinə müraciət edirlər. Hazır nümunə üzərində işləməyə nə var...
Sözsüz ki, bu tamaşada Xalq artisti Məmmədsəfa Qasımovu, səhnə-sənət cazibəsini heç vaxt itirməyən Əməkdar artist Gülzar Qurbanovanı, eləcə də “Yuğ”un veteranları, teatrın yol yoldaşları Əməkdar artistlər Sonaxanım Mikayılova və Fərhad İsrafilovu unutmaq olmaz. Amma bu fonda nisbətən gənc nəsli – istənilən rolunda tamaşaçı ilə arasında ustalıqla rabitə yaradan Zümrüd Qasımova və Elgün Həmidov, eləcə də səsi, yumoru, tamaşa boyu gözlənilməz təsiri bağışlayan, əslində, mizana uyğun maneraları ilə seçkin Vüqar Hacıyevi deməyə bilmərəm.
Səhnə əsəri mövzu, ideya, janr və üslub xüsusiyyətləri baxımından onsuz da ağır idi. Dar məkanda qurulmuş əlverişsiz dekorasiya və tərtibat sarıdan da istənilən effektivlikdə deyildi. Ancaq quruluşçu rəssamın planetlərarası rabitə kabinəsi, son dəbə uyğun dördbucaqlı peyki, ya da ayaqüstü tabutu yaxşı düşünülmüşdü. Musiqi tərtibatı və işıq həlli də ümumi ovqatı, “Yuğ”un poetikasına vurğunu kifayət qədər aydın ifadə edirdi.
Mənə elə gəlir ki, ümumiyyətlə, bu tamaşanın quruluş işi “Yuğ”un hazırda yerləşdiyi məkana – Dövlət Kukla Teatrının kiçik zalına yox, akademik səhnəyə hesablanıb. Təsvirə ümumi planda baxanda, bilirsiniz nəyə bənzəyir? Kiçik hissələrə ayrılmış və ən vacib detalı olmayan böyük bir pazla.
Sözsüz ki, tamaşa yaxşıdır və haqqında söz deyiləcək işdir. Məhz texniki məsələlər üzərində dayanmağımın vacib səbəbi var: aktyor oyununa maneə. Bunu etiraf eləmək çətindir. Daha doğrusu, yazarkən belə narahat oluram. Amma istənilən rejissor yeni quruluş üçün seçdiyi nümunədə rejissor “mən”indən çox aktyor “sən”inə tərəf “əy”ilməlidir. Çünki rejissorun işinin göstəricisi də məhz aktyorun oyunudur. Aktyor mətndən, oyun, üslub xüsusiyyətlərindən çox rekvizitdə, yəni vizual təfərrüatda qalırsa, biz ondan yaxşı ifaçılıq, dərin mətləblər üçün fundamental oyun gözləyə bilmərik.
Doğrudur, bu gün teatr, çağdaş rejissura, xüsusən də bu əsər monumentallığı diktə etmir. Amma və lakin oyundakı aktyorlar və onların keçmiş olduğu teatr məktəbi başqa lada köklənib...
Bunu da yazmağı özümə borc bilirəm ki, M.Mikayılov öz nəslinin ən adekvat, ən intellektual və sözsüz ki, ən maraqlı rejissorudur. Özü də bunu fərqli teatrlarda verdiyi quruluşlarla çoxdan təsdiqləyib...
Qatar gəlməyən bir vağzal və o vağzalda bir qurban “sərnişin” var. Kişi sərnişin (M.Qasımov, E.Həmidov) vağzal skamyasında ağayana oturub gözləyir. İşinin adı budur. Məgər hamımız bütün həyatımız boyu gözləmirik?
Qəhvəyi plaşı, şlyapası, qulaqcığı, qəzeti, kitabı. Qısacası, əl-ətəyi, başı-gözü yoldadır. Ona gələcək və ya gəlməyəcək qatar qətiyyən maraqlı deyil. Onsuz da heç vaxt və heç kim əsas mənzilbaşına çatmadan gedir sonuncu mənzilə. Əslində, heç ora varmı? Yaxud ora sonuncu mənzildirmi? Bu Kişi sərnişin də nə bizi, nə vağzal məmuru olan bələdçini, nə də gəlməyəcək qatarı vecinə almadan gözləyir. Başqa çarəsi də yoxdur. Onsuz da bizim nə dünyaya gələndə, nə də gedəndə seçim şansımız olmayıb. Dünyaya gələndən gözləmişik hakimi–mütləq olan ölümü. İndi isə hər şey bir rəngdədir: yoxluğun qatı təsvir çalarında.
Qadın sərnişin (G.Qurbanova, Z.Qasımova) həyəcanlıdır. Həyatla, reallıqla hesablaşmır. Üsyan edir. Gözləmək, açıq suallara cavab tapmaqdan yana çox vaxt sərf edib. Nə bilmək olar, bəlkə də ölümdən qaçmaq, yaxud da heç olmamaqdan qurtulmaq üçün yeni liman, yeni sahil, vağzal gəzir?! Ona görə də mücərrəd olan hamıdan və hər şeydən qaçdığı anda həqiqətlər dolu kimi başına yağır. Kişinin və həqiqətin ağuşunda gah məst olur, gah əzab çəkir, gah xoşbəxt olur, gah da...
Sözsüz ki, bunların heç biri Vağzal məmurunun (F.İsrafilov, S.Mikayılova, V.Hacıyev) vecinə deyil. Bədbəxt elə hesab edir ki, lazımi məqamda lazımi yerdədir. Sadəcə, bircə qatar gəlmir. Gəlsə, hər şey yaxşı olar. Hətta iki platformalı vağzalın olması möcüzə kimidir. Amma o da pis olmazdı ha. Nə də olmasa, çox vacib adamdır. Fıştırığı başımıza düşsə də, süpürgəsi həqiqətlərimizi zir-zibilinə qatıb kürüsə də, bədbəxtliyini anlamasa da, təkcə pürrəngi çayı yaxşı süzdüyünə görə o vağzalda yox olmaq olar. Biz hamılıqla əmrsiz, göstərişsiz, tələbsiz, tabesiz dura bilmərik...
Rejissor və müəllif bizi psixoloji ekzistensializm janrına, yəni insan və onun mövcudluğu problematikasına kökləsə də və biz başıalovlu bilib-bilmədən oralarda itib-batsaq da, mütləq bir “bələdçi” gəlib bizi tapıb cəzalandıracaq.
Çünki istədik-istəmədik, biz bu həyata məhkumuq. Qaydalar qutusunun içində qəliblənib qalırıq. Kişi sərnişin təxminən belə deyirdi: “Kiçik dəmir qutulardan (nəqliyyat) beton qutulara, oradan da... gedirik”.
Bir göz qırpımında başına qapaz kimi dəyən bu həqiqətdən qaçmaq üçün cəhd göstərirsən. Amma uğursuz cəhd. Sən çoxdan bir qutu ilə başqa qutu arasındakı cazibəyə uduzmusan. Yəni fərdin başlanğıc və bitiş nöqtəsini təyin və müəyyən etmək sənin “başın” üçün deyil. Tez ol, gir qutuna...
Hər iki heyətin təqdim etdiyi oyunu maraqla izlədim. Düzdür, darıxdığım, mənə görə (həm də mövzunun həlli baxımından göstəricilər şərti ilə), uzun, bəzi məqamlarda aktyorların cansıxıcı şəkildə “dartdığı” səhnələr də az deyildi.
Amma birinci heyətdə tamaşanın yükünü birmənalı M.Qasımov çəkdi. Özü də yəqin o səbəbdən gərgin təsir bağışladı. Eləcə də G.Qurbanova. Bilmirəm, ya ikinci oyunun verdiyi həyəcan, ya da narahat geyim və dekorasiyanın təsirindənmi, məncə, ilk heyətdə bir məqamdan sonra hər aktyor öz oyununa, yəni öz qınına çəkildi. Bu da ümumi fikrin, əsərin rejissora ötürdüyü ideyanın aktyor realizəsində, bir növ rejissor-aktyor-tamaşaçı enerji mübadiləsində narahatlığın səbəb olduğu müəmma yaratdı.
Mətnin çoxluğu, mətləblərin ağırlığı və pyesin uğursuz, səthi tərcüməsi də öz işini gördü.
İkinci heyət isə daha dinamik, komik, ovqatın mahiyyətindən çıxış etməklə bir sıra məqamlarda interaktiv oyun göstərdi. Zümrüd-Elgün dialoqu çox maraqlı, baxımlı idi. V.Hacıyev plastikası, vokal imkanları və sözsüz ki, yaşının bəxş etdiyi çevik maneraları ilə məhdud məkanda öz azad bədən ifadəsini verdi.
Ümumiyyətlə, əvvəldə də qeyd etdiyim kimi, ustadlarla istedadların oyun müqayisəsində yaxşı tamaşadır. Müqayisə zamanı arada mənə elə gəldi ki, ayrı-ayrı rejissorların tamaşasıdır. Mübaliğə eləmirəm. Bəzi məqamlarda fərq bu qədər nəzərəçarpacaq oldu. Sözsüz ki, hər birinin öz yeri var...
Həmidə Nizamiqızı