İyunun 4-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda mərhum fırça ustası, Əməkdar rəssam Kərim Cəlalın (1944–2008) 80 illiyinə həsr olunan sərginin açılışı keçirildi.

ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov fırça ustasının yaradıcılıq dünyasından söz açdı. Bildirdi ki, Kərim Cəlalın yaradıcılığında ən diqqətçəkən cəhət çoxlarına adi görünən motivləri gündəmə gətirməsidir. “Çörəyin ətri”, “Kənd motivi”, “Rəssamın ailəsi” və s. əsərlərində təqdim olunan ənənəvi motivlərdə müəllifin gördüklərindən heyrətləndiyi sezilir.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev bildirdi ki, Kərim Cəlalın əsərləri müxtəlif janrları, dəyişkən mövzuları əhatə etsə də, onlarda müəllifin obyektiv baxışı duyulmaqdadır: “O bu yaradıcı və insani mövqeyi kiməsə xoş gəlmək naminə yox, özünün həyat fəlsəfəsini təşkil edən xeyirlə şər arasında səddin pozulmasına imkan verməmək üçün nümayiş etdirib. Odur ki, əsərləri müxtəlif həyat müstəvilərində qərar tutan insanları belə eyni dərəcədə cəlb etməkdədir. Bu marağı həm də Kərim Cəlalın hamımızın baxdığı, lakin görə bilmədiyi reallığı suallara bələyə bilməsi şərtləndirib. Ən maraqlısı isə bu sualların keçmişimizdən bu günə və gələcəyə ünvanlanmasıdır. Bu isə rəssamın əsərlərinin hələ uzun müddət müasir görünəcəyinə zəmanət verir”.

Kərim Cəlalın dərs dediyi tələbələri onun xatirəsini hər zaman ehtiramla yad etdiklərini dedilər, müəllim kimi qayğıkeşliyindən söz açdılar.

Rəssamın həyat yoldaşı Hüsniyyə xanım sərginin təşkilatçılarına və qonaqlara təşəkkür etdi.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Təqdim olunan əsərləri izlədikcə müəllifin milli-mənəvi dəyərlərimizə tapındığını və onlardan yaradıcılığında faydalandığını görürük. Tarixi şəxsiyyətlərimiz, muğam sənətimiz, mədəni dəyərlərimiz rəssamın tablolarının əsas mövzusudur. “Azərbaycan muğamı” triptixi bu baxımdan diqqəti xüsusilə cəlb edir. Bu tablolarda həm də musiqimizin tarixini görürük. Koroğlu obrazında Bülbül, Lütfiyar İmanov, muğam ustadlarımız... hər bir əsər bir tarixdir. Eləcə də milli motivlər, adət-ənənələr, həmçinin tarixi-mədəni yaddaşa işıq salan “Attila”, “Dədə Qorqud” əsərləri. Rəssamın sənət dünyası Azərbaycanın mədəni həyatına səyahəti xatırladır.

Qeyd edək ki, Kərim Cəlal Füzuli rayonunda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitib. Beynəlxalq sərgilərdə iştirak edib. 1994 və 2004-cü ildə fərdi sərgiləri təşkil edilib. Əl işləri ABŞ, Almaniya, İran və Hollandiyada şəxsi kolleksiyalarda saxlanılır.

Lalə Azəri