İyunun 3-dən etibarən həftədə iki dəfə olmaqla (bazar ertəsi və cümə axşamı) Bakı-Buxarest marşrutu üzrə birbaşa uçuşlar başlayır. Uçuşlar AZAL tərəfindən icra ediləcək.
Bununla bağlı Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təşkilatçılığı, Azərbaycanın Rumıniyadaki Səfirliyinin dəstəyi ilə Buxarestdə təqdimat tədbiri keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov Azərbaycan və Rumıniya arasında turizm əlaqələrinin dinamik inkişaf etdiyini, uçuşların təkcə Rumıniya ilə deyil, digər Avropa ölkələri ilə də turizm əlaqələrinə müsbət təsir edəcəyini bildirib.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare də birbaşa uçuşların iki ölkə arasında əməkdaşlığın inkişafına töhfəsini qeyd ediblər.
Rumıniyanın 60-dan çox turizm sənayesi nümayəndəsi və media nümayəndələrinin də qatıldığı tədbirdə Azərbaycanın mədəni irsi, milli mətbəx nümunələri, turizm potensialı haqqında məlumat təqdim olunub, Azərbaycan şərablarının dequstasiyası keçirilib.