UNESCO-nun yeni hesabatında bildirilir ki, dünya okeanının istiləşməsi son 20 ildə iki dəfə, dəniz səviyyəsinin qalxması tempi də axırıncı 30 ildə bir o qədər artıb.

30-a yaxın ölkədən 100-dən çox alimin töhfələri ilə UNESCO-nun nəşr etdiyi “Okeanın vəziyyəti – 2024” hesabatı dünya okeanının üzləşdiyi təhdidlərlə bağlı həyəcanverici yeni məlumatları ortaya qoyur.

Hesabatda qeyd olunur ki, atmosfer temperaturu dəyişməyə meyilli olsa da, okean davamlı olaraq istiləşir. Hazırda okean iyirmi il əvvəlkindən iki dəfə daha çox istiləşib və 2023-cü ildə 1950-ci illərdən bəri ən yüksək artım müşahidə olunur.

UNESCO diqqətə çatdırıb ki, bu istiləşmənin dramatik nəticələrindən biri bütün dünyada dəniz səviyyəsinin qalxmasıdır. Okean atmosferə buraxılan artıq istiliyin 90 faizini udur və su qızdıqca onun akvatoriyası genişlənir. Okeanların istiləşməsi hazırda dəniz səviyyəsinin qlobal yüksəlişinin 40 faizini təşkil edir və son 30 ildə yüksəlmə sürəti iki dəfə artaraq 9 santimetrə çatıb.

Hesabatda göstərilir ki, 1960-cı illərdən bəri okeanlar temperaturun qalxması və çirklənmə, o cümlədən çirkab suları və kənd təsərrüfatı axıntıları səbəbindən oksigeninin 2 faizini itirib. Sahil əraziləri xüsusilə təsirlənir, heyvan və bitki növlərinin nəfəs alması getdikcə çətinləşir, azalan oksigen səbəbindən demək olar ki, heç bir dəniz həyatının qalmadığı təxminən 500 “ölü zona” müəyyən edilib.

UNESCO-nun əldə etdiyi məlumatlar bir daha göstərir ki, ən çox mənfi təsirə sahilyanı növlər məruz qalır; açıq dənizlər durmadan turşulaşsa da, sahil suları dramatik mənzərə alır, heyvanların və bitkilərin gənc nəsilləri kütləvi şəkildə tələf olurlar. UNESCO bildirir ki, ölkələrin təxminən 60 faizi hələ də dənizlərin yaşıl dibinin bərpası və mühafizəsini öz milli mühafizə planlarına daxil etmir.