Olaylar, faktlar (8 – 10 iyun)

 

536 il əvvəl...

 

9 iyun 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə Qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və Səfəvi dövlətinin əsasını qoydu.

 

420 il əvvəl...

 

8 iyun 1604-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1603–1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirib. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə indiki Azərbaycanın əksər əraziləri (Lənkəran-Astara bölgəsi istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi.

 

209 il əvvəl...

 

9 iyun 1815-ci ildə Napoleonun süqutundan sonra başlanan (18 sentyabr 1814-cü il) və Avropada yeni düzəni müəyyənləşdirən Vyana Konqresi başa çatıb. Konqresin nəticələrinə əsasən, Polşa əraziləri tamamilə (onadək Rusiya və Prussiya arasında bölüşdürülmüşdü) Rusiyaya birləşdirildi, Niderland Krallığı və İsveçrə Konfederasiyası yaradıldı.

 

126 il əvvəl...

 

9 iyun 1898-ci ildə Böyük Britaniya ilə Çin arasında “Syanqan konvensiyası” imzalanıb. Çin Syanqan (Honkonq) adasını 99 illiyə Britaniyaya icarəyə verib. 1984-cü ildə Londonla Pekin arasında imzalanan bəyannaməyə əsasən, Britaniya 1997-ci ildə adanı Çinə qaytardı. Honkonq azad iqtisadi zona statusu ilə Çinin inzibati ərazisi oldu.

 

82 il əvvəl...

 

10 iyun 1942-ci ildə alman faşist qoşunları Çexiyanın Liditse qəsəbəsində qətliam həyata keçiriblər. Faşist idarəçisinin öldürülməsinə cavab olaraq qəsəbənin bütün kişi əhalisi (172 nəfər) güllələnib. 200-dək qadın və uşaq isə konslagerə göndərilmiş və onların təxminən yarısı da orada ölmüşdü. Müharibədən sonra Liditsedə memorial muzey yaradıldı.

 

80 il əvvəl...

 

10 iyun 1944-cü ildə Almaniyanın işğalçı qoşunları Fransanın Oradur-sür-Qlan qəsəbəsində də kütləvi qətliam törədiblər. Ümumilikdə qəsəbənin 640-dək sakini qətlə yetirilmişdi. Müharibədən sonra qəsəbə bərpa edilmədi və xarabalıqlar açıq səma altında xatirə muzeyinə çevrildi. Yaxınlıqda isə eyniadlı yeni qəsəbə inşa edildi.

 

31 il əvvəl...

 

9 iyun 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev ölkə başçısı Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Gəncə hadisələri (4 iyun) ilə iflas etmiş Azərbaycan Xalq Cəbhəsi iqtidarı Heydər Əliyevdən qiyamçı polkovnik Surət Hüseynovla danışıqlar aparmağı və böhranı sahmanlamağı xahiş edib.

Hazırladı: V.Orxan