Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan Mədəniyyət Yolu Festivalının növbəti ünvanı Bursadır. Apreldə Adanada başlayan, may ayında Şanlıurfada davam edən festivala 1–9 iyun tarixlərində zəngin tarixi-mədəni irsi ilə ad çıxaran, iki əsrdən artıq (İstanbulun fəthinədək) Osmanlı imperatorluğunun paytaxtı olmuş Bursa ev sahibliyi edir.
Bu il ilk dəfə Türkiyə Mədəniyyət Yolu Festivalının marşrutuna daxil olan Bursada ümumilikdə 40 fərqli məkanda 300-dən çox tədbir nəzərdə tutulub.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy festivalın maddi və qeyri-maddi mədəniyyət sərvətləri, qədim tarixi və zəngin sivilizasiyası ilə seçilən şəhərin dünyaya daha geniş şəkildə tanıdılmasına vəsilə olacağını vurğulayıb. Qeyd edib ki, Mədəniyyət Yolu Festivalının əsas hədəfi də Türkiyənin bölgə-bölgə, şəhər-şəhər tanıtımına töhfə verməkdir.
Bursada təxminən minədək sənətçinin iştirakı ilə mədəniyyət mərkəzləri, teatrlar, muzeylər, rəsm qalereyaları, kitabxanalar və açıq məkanlarda davam edən festivalın əsas səhnəsi Yunuseli hava limanında qurulub. Burada Semiçenk, Norm Ender, Bengü, Mert Demir, Can Bonomo, “Madrigal” ifaçı və musiqi qruplarının konsertləri keçirilir.
“Dünya Turizm Təşkilatının məlumatları göstərir ki, Türkiyə dünya turizm reytinqində ilk 5 ölkədən biridir. Biz nəinki Super liqaya yüksəlmişik, liderlik uğrunda mübarizə aparırıq. Arxeologiyadan qastronomiyaya, ənənəvi sənətlərdən rəqəmsal instalyasiyalara, konsertlərdən sərgilərə mədəniyyət və incəsənəti bir dam altında toplayan Türkiyə Mədəniyyət Yolu Festivalı indi dünyanın ən əhatəli və ən böyük festivalı olaraq Türkiyənin beynəlxalq brendidir”, – deyə nazir Ersoy vurğulayıb.
Qeyd edək ki, festivalın iyun ayı proqramında daha iki şəhər – Samsun (8–16 iyun) və Trabzon (22–30 iyun) var. Festival noyabr ayınadək ümumilikdə 16 şəhəri əhatə edəcək. 2021-ci ildə əsası qoyulan festival dördüncü dəfə keçirilir. Festivalın proqramını kulturyolufestivali.com saytında izləmək mumlundur.
Vüqar Orxan