Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində 2023/2024-cü tədris ili üzrə hesabat konsertləri keçirilir. Konsert proqramlarında müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər il ərzində mənimsədikləri bilik və bacarıqlarını nümayiş etdirirlər.

Növbəti konsert proqramları iyunun 3-də Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbi, Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbi, iyunun 4-də isə Ağdaş şəhər 1 nömrəli Uşaq musiqi məktəbi, Ağdaş rayon Ləki qəsəbə Uşaq musiqi məktəbi və Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbi tərəfindən təşkil edilib.

Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov çıxış edərək şagirdlərə uğurlar arzulayıb, müəllim kollektivlərinə musiqi məktəblərində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Bununla da regional idarənin tabeliyində fəaliyyət göstərən musiqi məktəbləri üzrə yekun hesabat konsertləri başa çatıb.

***

Abşeron-Xızı RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş hesabat konsertləri keçirilib.

Konsertdə məktəblərin müəllim və şagird kollektivləri müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.

***

Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbində (Bakı şəhəri) 2023/2024-cü tədris ilinin hesabat konserti təşkil edilib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarların əsərləri, eləcə də xalq və bəstəkar mahnıları ifa olunub. Sonda məktəbin direktoru çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıb.

Laçın rayon 2 nömrəli Uşaq musiqi məktəbində (Abşeron rayonu, Xırdalan şəhəri) tədris ilinin başa çatması ilə əlaqədar hesabat konserti keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsert məktəbin şagird və müəllim kollektivinin rəngarəng çıxışları ilə davam edib.

Nurəddin Məmmədli