İyunun 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqidə ədəbi dil normaları” adlı seminar keçirilib.
Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə təşkil olunub.
MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov seminarın mövzusunun aktual və vacib məsələyə həsr olunduğunu bildirib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova qeyd edib ki, hər dilin öz qaydaları və struktur normaları olduğu üçün onları bir-biri ilə qarışdırmaq olmaz.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, BMA-nın prorektoru Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, akademiyanın Humanitar elmlər kafedrasının müdiri filologiya elmləri doktoru, professor Tərlan Quliyev və Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva musiqi nümunələrinin mətnlərində Azərbaycan dilinin normalarının pozulması halları, aktual problemlər, ədəbi dil normalarına riayət olunması kimi məsələlərə toxunublar.
Vokalçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov mahnılarda söz seçimi məsələsinə diqqət yetirib, Nizaminin “Könlüm sitəminlə cana yetdi”, “Sənsiz” qəzəllərinə yazılan romansları ifa edib.
Tədbirdə milli dəyərlərin inkişafında dil və musiqinin əhəmiyyətindən, mahnı mətnlərində yol verilən nitq qüsurları, üslub və ifadə səhvləri kimi məsələlərə də toxunulub. Musiqinin cəmiyyətin müxtəlif sahələrinə təsirindən bəhs edilib.