Onların arasında Azərbaycandan iki vokalçı var

 

İyunun 5-də Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin II turu başa çatıb. İkinci tura keçmiş 41 nəfər münsiflər heyətinin qarşısında öz məharətlərini sınayıblar.

Vokalçılar müsabiqənin şərtlərinə uyğun olaraq, Bülbülün repertuarından “Sənsiz” və “Sevgili canan” (musiqi: Ü.Hacıbəyli, söz: N.Gəncəvi), “Ölkəm” (A.Zeynallı, C.Cabbarlı) və “Ulduz” (F.Əmirov, M.Rahim) romanslarından birini və əvvəlcədən özlərinin təqdim etdikləri və təşkilat komitəsinin təsdiq etdiyi siyahı üzrə dünya operalarından (öz səs tembrlərinə uyğun) ariya ifa ediblər. Müsabiqənin şərtlərinə görə, bütün əsərlər orijinalın dilində ifa edilib.

Münsiflərin dəyərləndirməsindən sonra 41 iştirakçıdan 16 nəfəri III tura vəsiqə qazanıb. Onların arasında Azərbaycandan da iki nəfər – Dövlət Akademik Opera və Balet Teatrının solistləri Mahir Tağızadə (bariton) və Atəş Qarayev (tenor) var.

Xatırladaq ki, müsabiqəyə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən ümumilikdə 140 nəfərdən çox 18-36 yaş arasında vokalçı qatılıb.

I və II turlarda fortepianonun müşayiəti ilə çıxış etmiş iştirakçılar müsabiqənin qaydalarına görə, III turda simfonik orkestrin müşayiəti ilə çıxış edəcəklər.

İyunun 6-da müsabiqə iştirakçıları Azərbaycan Dövlət Akademik Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə məşq-çıxış ediblər.

İyunun 7-də isə müsabiqənin həlledici,  III turu olacaq. 16 iddialının III tur və qala-konsertdə çıxışlarını Əməkdar artistlər Əyyub Quliyev, Fuad İbrahimov, Mustafa Mehmandarov və Murtuza Bülbülün dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək.

Müsabiqə çıxışları başa çatdıqdan sonra iştirakçıların yarış həyəcanından çıxmaq, eləcə də iyunda avqust havasında olan bürkülü Bakıdan sonra dincəlmək və sözün bütün mənalarında, havasını dəyişmək şansı olacaq.

Qaliblərin mükafatlandırılması mərasimi və final konserti iyunun 9-da Şuşada, Bülbülün Ev-Muzeyinin həyətində keçiriləcək.

Gülcahan Mirməmməd