ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan iyunun 8-də suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever bildirib ki, missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.
O, “Anadolu” agentliyinə müsahibəsində anasının Azərbaycandan olduğunu xatırladıb.
“Missiya zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayında “TEKNOFEST” festivalı çərçivəsində mənə verdiyi Türkiyə bayrağı da mənimlə olacaq. Anamın Vətəni olan Azərbaycanın bayrağını da özümlə aparacağam. Hər iki bayraq sinəmdə parlayacaq”, – deyə astronavt bildirib.
Atasever qeyd edib ki, Türkiyə və Azərbaycan bayraqları hər zaman xalqlarımızın qardaşlığını və bir-birinə dəstəyini simvolizə edərək bərabər dalğalandıqları kimi, kosmik missiyada da birlikdə olacaqlar.
Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 19-da “SpaceX” şirkətinin “Dragon” kosmik gəmisində ispan, italyan və isveçli astronavtlarla birgə kosmosa uçmuş və Yerdən 90 km yüksəklikdə Beynəlxalq Kosmik Stansiyadakı qrupa qoşulmuşdu. A.Gezeravcı fevralın 7-də Yerə qayıdıb.