Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bunu iyunun 5-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında söyləyib. Mətbuat konfransı Azərbaycan və Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair keçirilib.
XİN-dən verilən məlumata görə, iclas zamanı iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və sair istiqamətlər üzrə çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu bildirilib. Azərbaycanın COP29-a sədrliyinin prioritet istiqamətləri, danışıqlar və hazırlıq işləri, habelə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, minatəmizləmə fəaliyyəti, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb.
Macarıstanın aparılan quruculuq işlərinə töhfəsi, regional sülh səylərinə göstərdiyi dəstəyi, habelə prosesə töhfə verməyən addımlara qarşı sərgilədiyi mövqe minnətdarlıqla qeyd olunub.