Sumqayıt Dövlət Dram Teatrı iyunun 25-də hərbi-vətənpərvərlik mövzusunda daha bir səhnə işinin premyerasını edəcək. “Xeyir xəbər” adlı tamaşa Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında ərsəyə gəlib. Tamaşanı Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə gənc rejissor Fuad Cavadzadə hazırlayıb.

Vətən müharibəsi şəhidlərinə ithaf olunmuş əsərdə kədər, sevinc, həyəcan dolu anlar bir ailənin timsalında ümumiləşdirilərək tamaşaçıya çatdırılır.

Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika və montaj rejissoru Sahil Nəzərovdur.

Obrazları Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Siyavuş Mahmudov, Akif Mirzəyev, Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova, Cavanşir Eyyubzadə canlandırırlar.

Hazırda teatrda daha bir gənc quruluşçu tamaşa hazırlığı edir. Teatrın rəhbərliyi bu dəfə ADMİU-nun diplomantı Afaq Qədimliyə şans verib. O, teatrda özünün diplom tamaşasını hazırlayır. Jan Koktonun “İnsan səsi” monotamaşası iyulun 2-də təqdim olunacaq.