Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı kollektivi 1-4 iyun tarixlərində Gürcüstanda səfərdə olub.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi qrup Tibilisi şəhərində keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.

10-a yaxın ölkənin qatıldığı teatr bayramında “Məlikməmməd” nağıl-tamaşasını nümayiş etdirən Azərbaycan kuklaçıları “Ən yaxşı səhnə həlli”  və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər.

Məlumat üçün deyək ki, bu səfər Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında 2022-ci ildə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Xatırladaq ki, teatr qrupu “Məlikməmməd”i həm də azərbaycanlıların kompakt yaşadıqları Marneulidə də göstərərək tamaşaçıları sevindirib.