Yəqin ki, iyunun 7-də tarix boyu çox yaddaqalan hadisələr baş verib, özündən sonra adı, sənəti və xidmətləri xatırlanan kimlərsə dünyaya gəlib. Bu, sadə və adi məntiqlə anlaşılan bir məqamdır. Bizim üçün, Azərbaycan mədəniyyətinin daşıyıcıları, təəssübkeşləri üçün bu tarix görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Yusif oğlu Dadaşovun doğum günüdür. O gündən bir əsr keçir.

Bu gün Məlik Dadaşovun 100 illiyidir.

Məlik Dadaşovun siması, səsi o qədər unikal, o qədər sevimli, o qədər fərqli və o qədər də bəllidir ki, onun haqqında nə yazasan ki, təzə, maraqlı qarşılansın…

…Yazaq ki, o, Azərbaycan səhnəsində və kinosunda Nəriman Nərimanov obrazının ən sanballı ifaçısıdır, – yenilik olmayacaq.

…Yazaq ki, “Axırıncı aşırım”dakı Qəmlodan, “Dəli Kür”dəki Molla Sadıqdan, “Fəryad”dakı Armendən sonra tamaşaçılar onu oynadığı (oynadığı olsaydı, belə təsir bağışlamazdı), yox, yaratdığı mənfi obrazları ilə eyniləşdirir, ekrandakı qəhrəmana yönəlik nifrəti ifaçıya ünvanlayırdılar, – bu faktları da bilməyən yoxdur.

…Yazaq ki, Məlik Dadaşov təkcə “Azərbaycanfilm”də deyil, digər ittifaq kinostudiyalarının istehsalı olan bədii lentlərdə də təkrarsız, yaddaqalan surətlər yaradıb, – xəbərsizlərin bunu bilməsi üçün internet mənbələrində yüngülcə axtarış aparması bəsdir.

Bu gün biz Məlik Dadaşovu sanki onun yubiley gecəsində xatirə danışan, ona yaxın insanların dilindən anırıq. 

İlk xatirəni danışan onun tələbəsi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Əlməmmədovadır:

 

– Məlik Dadaşov başqa aləm idi! Kənardan çox zəhmli insan təsiri bağışlasa da, ürəyiyumşaq idi. Bizə ata kimi o qədər öyüd-nəsihət verirdi ki… 1990-cı illərdə oxumuşuq, ozamankı vəziyyət də necə idi, özünüz bilirsiniz. Məlik müəllim bizə deyirdi ki, axşamlar küçəyə çıxanda ehtiyatlı olun, hərəniz bir rayondan gəlmisiniz, birdən kimsə aldadar sizi. Başa düşürəm, teatrlara gedib tamaşalara baxmalısız. Yenə də ehtiyatlı olun, tanımadığınız adamlardan uzaq durun.

 

– Bəs dərs prosesində necə idi?

– Məlik müəllimlə səhnəni paylaşanda hiss etmirdin ki, tamaşadasan, rol oynayırsan. Biz o vaxt diplom tamaşası olaraq, Sabit Rəhmanın “Nişanlı qız” komediyasını hazırlayırdıq. Bu tamaşa ona çox doğma idi. Səhv etmirəmsə, ilk quruluşda özü Camalı oynamışdı, 80-ci illərdə isə əsəri özü səhnələşdirmişdi, bu dəfə Camalı oğlu Rafael Dadaşov oynamışdı. Mənə Bənövşə rolunu tapşırmışdı. Obrazı elə başa salmışdı ki, hələ məşqdə elə bilirdim ki, mən Bənövşəyəm, Xalidə deyiləm. Məlik müəllimdə obrazı özü kimi çatdırıb onun hisslərini tamaşaçıya ötürmək qabiliyyəti çox güclü idi, üstəlik, o, pedaqoq kimi bu hissi tələbələrə aşılamağı bacarırdı. Körpə əvvəl oturur, sonra iməkləyir, ardınca əlləri ilə yapışıb qalxır, yavaşca addım atır. Məlik müəllim sənətin sirlərini bizə məhz bu cür, səbirlə, addım-addım öyrədirdi. O vaxtlar özünü pis hiss edirdi, qan təzyiqi tez-tez qalxıb, qəfil düşürdü. Hətta bəzən elə olurdu ki, həyat yoldaşı Dolores xanım onunla birlikdə gəlirdi dərsə, Tədris teatrının salonunda sakitcə oturub bir kəlmə demədən dərsin başa çatmağını gözləyərdi. Bəzən də qaynı maşınla gətirib-aparırdı. Məlik müəllim başı nə qədər bərk ağrısa da, halı pis olsa da, dərsdən qalmazdı, gecikməzdi. Bütün tələbələrin qavrama qabiliyyəti eyni deyildi. Onun izahını başa düşməyəndə özü səhnəyə çıxıb tələbənin əlindən tutub addım-addım səhnəni başa salardı. Deyirdi ki, sabah siz səhnəyə çıxanda mən utanmayım. Əksinə, sizin çıxışınıza baxan tamaşaçı desin ki, halal olsun ustadına! 

 

– Kədərli də olsa, həmin günü xatırlamağınızı istəyəcəyəm…

– Həmin gün isə Qasımla Mindillinin səhnəsini məşq edirdik. Niyazi ilə Əfşar çıxış edəndə Məlik müəllim səhnəyə qalxdı ki, qurduğu mizanı onlara şəxsən göstərsin. Orada belə səhnə var idi ki, Qasımın ayağı ilişib səndirləməli idi. Məlik müəllim bunu özü göstərmək istədi. Müəllim səhnəyə qalxdı, sözünü dedi və səndirləyib …kulisdə yox oldu. Biz də elə bildik ki, müəllim səhnəyə nəsə artırıb. Bir də gördük ki, Məlik müəllim dizləri üstündə yeriyərək, ay mənə nə oldu belə, deyərək səhnəyə çıxdı… Bir an bunu da tamaşaya artırma kimi anladıq. Amma görəndə ki müəllimin alnı qanayıb, başa düşdük ki, nəsə ciddi hadisə baş verib. Onu əyləşdirdik, sakitləşdirməyə çalışdıq. Oğlanlar tez yüyürüb təcili yardıma zəng vurdular, həyat yoldaşının, qaynının telefon nömrəsini tapıb xəbər verdilər. Təcili yardım müəllimi xəstəxanaya apardı. Sonradan bildik ki, çox pis zədə alıb. Biz onu həmin gün axırıncı dəfə gördük. Əgər təzyiq onu narahat etməsəydi, o hadisə də baş verməsəydi, müəllimimiz uzun ömür yaşayardı…

 

– Kövrəltdim sizi… Bu hadisə bəlkə də sizin gənc yaşda ilk böyük və şəxsi faciəniz olub deyə, yaddaşınızda böyük iz buraxıb.

– Elədir…

 

– Məlik Dadaşovun vəfatından sonra “Nişanlı qız”ın taleyi necə oldu?

– Sonra bizim kursu rəhmətlik Vaqif Əsədova verdilər. Ona da Allah rəhmət eləsin. Biz xahiş etdik ki, “Nişanlı qız”ı elə Məlik Dadaşovun düşündüyü kimi quraq: çünki birinci hissə tam hazır idi. Sağ olsun, Vaqif müəllim ikinci hissəni elə qurdu ki, tamaşanı iki fərqli rejissorun işlədiyi hiss olunmadı. Biz diplom tamaşamızı Məlik Dadaşovun xatirəsinə həsr etdik.

***

Xalq artisti Mərahim Fərzəlibəyovun Azərbaycanda qurduğu və çox maraqla qarşılanan ilk tamaşalarından biri “Bütün Şərq bilsin!” mənzum pyesi olub. Həmin pyesdə də… Bundan sonrasını rejissor özü nəql edir: 

– 1977-ci ildə Qroznı şəhərində təyinat müddətimi işləyib Azərbaycana qayıdanda məni Sumqayıt teatrına dəvət etdilər. O vaxt teatrın direktoru Məlik müəllimin böyük qardaşı Salman Dadaşov idi. Bu teatrda tamaşalar üzərində işləyəndə Məlik Dadaşovla tanış olduq. Mən 1980-ci ildə Nəriman Həsənzadənin Nəriman Nərimanova həsr etdiyi “Nəriman” poeması əsasında yazdığı pyes üzərində işləməyə başlayanda Məlik müəllim mənə bir şəkil göstərdi. “Ulduzlar sönmür” filmində Nəriman Nərimanov roluna foto-sınaq zamanı çəkilmişdi. Məlik müəllim çox istəyirdi ki, Nərimanovun obrazını yaratsın. Aktyorun daxili potensialı öz yerində, üstəgəl, zahiri oxşarlıq yüzdə yüz olsa da, onu həmin rola təsdiq etməmişdilər, ürəyində nisgil qalmışdı. Mən heç düşünmədən onu Nərimanov roluna təsdiq etdim. Məlik müəllim rol üzərində elə həvəslə işləyirdi ki, çox vaxt heç Bakıya da getmirdi, mənimlə birlikdə mehmanxanada qalırdı. 

 

– Və həmin tamaşa çox böyük əks-səda doğurdu.

– Bəli, bilirsiniz ki, Ulu öndər Heydər Əliyev sənətə, xüsusən də teatra böyük qayğı və maraqla yanaşırdı. Biz 1982-ci ildə “Bütün Şərq bilsin!” tamaşasını Bakıda, indiki Akademik Milli Dram Teatrının binasında oynadıq. Ulu öndər tamaşadan sonra yaradıcı heyətlə görüşərkən əsər haqqında, Məlik müəllimin obrazı barədə çox maraqlı fikirlər söylədi. Ona dedi ki, sən Nərimanov obrazını elə canlandırdın ki, xalq onu həkim, insan, partiya xadimi kimi yenidən sevdi.

 

– Deyəsən, o zaman hansısa festivala getmişdi həmin tamaşa…

– O zaman Sovet İttifaqı Kommunist Partiyasının 26-cı qurultayı ərəfəsində teatr tamaşalarına ümumittifaq baxışı keçirilirdi. Mərkəzi Komitənin Mədəniyyət şöbəsində çalışan Çausov soyadlı məmurun başçılıq etdiyi komissiya 15 respublikanı gəzib tamaşalara baxırdı. Onlar Azərbaycandan bizim tamaşanı seçdilər. Biz də 100 nəfərlik böyük heyətlə Moskvaya getdik və “Mossovet” Teatrının səhnəsində iki dəfə “Bütün Şərq bilsin!” tamaşasını oynadıq. Həmin festivalda Məlik Dadaşov “partiya xadimi rolunun ən yaxşı ifası” diplomuna layiq görüldü.

 

– Sizin rejissor-aktyor tandeminiz sonralar da uğurla davam etdi…

– Mən Milli Dram Teatrına gələndən sonra da quruluş verdiyim bir neçə tamaşada gözəl obrazlar yaratdı. “Maqbet”də Maqbet, “Közərən ocaqlar”da Nəriman Nərimanov… Yadımdadır, Ulu öndər Heydər Əliyev “Maqbet” tamaşasına baxmışdı, Məlik Dadaşovun, Hökümə Qurbanovanın (Ledi Maqbet) ifasını çox bəyənmişdi.

 

– Mərahim müəllim, maraqlıdır ki, digər teatr rejissorlarından fərqli olaraq, siz kinoda da birgə çalışmısınız… Tofiq Tağızadə “O dünyadan salam” filmini çəkəndə Məlik Dadaşov artıq çox maraqlı kino obrazlar qalereyası yaratmışdı, pedaqoq kimi də yetişmişdi desək, yenilik olmaz.

– Düzdür, mən həmin filmdə Şeyx Əhməd roluna təsdiqləndikdən sonra Məlik Dadaşovun dayağını hiss etdim. Şeyx Əhməd mənim kinoda ikinci rolum idi, amma Məlik Dadaşov ekranda çox fərqli, maraqlı, bir-birinə bənzəməyən obrazlar yaratmışdı. Çəkiliş vaxtı biz eyni otaqda qalırdıq. Mən rejissor olsam da, özümü kənardan görə bilmirdim.

 

– Üstəlik, film çəkilişində məntiqi ardıcıllıq gözlənilmir. Sonuncu kadrlar əvvəldə çəkilir, ilk kadrlar ortada. Bu, teatr qaydalarına öyrəşmiş adam üçün çətindir.

– Bəli, bu məqam da var. “O dünyadan salam” filmində mənim Şeyx Əhmədimin dolğun alınması üçün Tofiq Tağızadə ilə Məlik Dadaşovun çəkiliş zamanı çəkdikləri zəhmət eynidir. Məlik Dadaşov bizi tez tərk etməsəydi, yəqin ki səhnədə, ya da ekranda yenə rastlaşardıq.

***

Məlik Dadaşov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işlədiyi illərdə Cənnət Səlimova görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Büllur saray”da tamaşasını qurur. 1984-cü ildən indiyədək unudulmayan həmin tamaşada o teatrın çox gözəl aktyorları iştirak edir. Ağahüseyn rolunda Məlik Dadaşov, onun qızı Aynur rolunda isə Xalq artisti Lyudmila Duxovnaya çıxış edir.

Tamaşa haqqında geniş danışmaq, aktyor heyətinin hünərindən bəhs etmək istəmirəm. Mövzumuz o deyil… Lyudmila Semyonovnanın bir xatirəsi yadıma düşür: “Cənnət xanım tamaşanı elə qurmuşdu ki, finalda musiqi səslənirdi və iştirakçılar rəqs edirdilər. Pyesdə  Aynur yaşadığı mühitdən uzaqlaşmaq, büllur sarayı çilik-çilik etmək istəyir, lakin bacarmır. Həmin səhnədə mən – Aynur atam Ağahüseynə baxır, bir kəlmə demədən baxışlarımla, süst rəqs hərəkətlərimlə ondan imdad diləyirdim. Məlik Dadaşov – Ağahüseynin gözləri ilə deyirdi ki, qızım, bizim düşdüyümüz bu oyun bitməyəcək, biz ömrümüzün sonunadək bu oyunun içindəyik! Mən bu baxışları görəndə tam Aynurlaşırdım və gözlərimdən yaş süzülürdü!... Məlik müəllim öz oyunu, istedadının gücü ilə məni aktyor bacarığının zirvəsinə çatdırırdı...”.

Bax belə. 

***

…Məlik isminin mənası hökmdar deməkdir. Malik isə nəyəsə sahib olmaq anlamını verir. Bəzən adamlar bu adları qarışdırır, Məlikə Malik deyir, Maliki Məlik çağırırlar. Dərindən düşünəndə ehtiva etdiyi məna etibarilə bu kəlmələr şəxs adı kimi qavranılanda təxminən eynidir. Malik olduğun nəsnəyə hökmün yetirsə, deməli, sən həm də Məliksən! Bu yazının əbədi qəhrəmanı kimi. Böyük istedada Malik olub, sənət dünyasında öz hökmünü vermiş Məlik. Bir əsrlik yubileyin mübarək!

Gülcahan Mirməmməd