Bu, Xalq yazıçısı Elçinin 10 cildliyidir
   
   Yazıçı, tənqidçi, publisist, tərcüməçi Elçinin oncildliyi mənə həqiqətən də sirli və sehrli qəsri xatırlatdı. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Elçin istedadlı qələm sahiblərindən biridir.
   
   Onun müxtəlif teatrlarda tamaşaya qoyulan əsərlərinin uğurlu taleyi müəllifin qabil dramaturq olduğundan xəbər verir. Əsərləri əsasında çəkilmiş filmlər də kino sənətimizin nümunəsinə çevrilib. Narahat və hərarətli bir ürəklə ədəbi axtarışlarını davam etdirib uğurlu əsərlərə imza atan Elçin nə yazıbsa mükəmməl alınıb. Bu oncildliyi vərəqlədikcə duydum ki, Elçin sadə insanların həyatına enməklə bir yazıçı kimi ucalığını tapıb. Hər bir cilddə toplanmış əsərlər yaddaqalan və məzmunludur.
   Birinci cilddə müxtəlif xarakterli obrazlarla üzləşirik. Bu əsərdə yaradılmış surətlərin çoxunu biz sanki tanıyırıq. Ətrafımızda olan bu doğma və yad adamların əksəriyyəti ilə dostluğumuz, qonşuluğumuz, tanışlığımız var. «Baladadaşın ilk məhəbbəti». Müəllifin bu hekayəsi əsasında çəkilmiş eyniadlı film də maraqla qarşılanıb. Əsərin qəhrəmanı Baladadaş zahirən nə qədər fağır, yazıq, avam görünsə də, onun sadəliyinə həmahəng gələn saflığı, təmizliyi diqqət çəkir. Elçin ömrü boyu nə yazıbsa, çalışıb ki, məhz mənəvi böyüklüyün, milli-mənəvi dəyərlərin, daxili saflığın keşiyində dayansın. Bu səbəbdən də onun sadəlövh təsiri bağışlayan qəhrəmanlarının demək olar ki, əksəriyyəti geniş mənəviyyata, əsl insani duyğulara malikdir.
   Elçin şüura fəal təsir edə biləcək, adamı gözlənilməz hadisələrlə üzləşdirəcək, oxucu ilə mənalı söhbət qurmağı bacaran müəllifdir. Bu mənada «Qış nağılı» hekayəsi də çox təsirlidir. Hekayədən bəlli olur ki, Bakıya yağan qəfil qar, başlayan şiddətli çovğun bütün şəhəri və onun ətrafını iflic vəziyyətinə salıb. Kərim kişi isə bütün çətinliklərə baxmayaraq Bilgəhdə zəncirdə bağlı qalan itinin acından ölməməsi üçün ora üz tutub. Bədii əsər o zaman təsirli, yaddaqalan olur ki, məzmununa həyatdan gələn ətirlər qatılır. Elə bu oncildliyin də ab-havası real aləmdən gəlib. Hansı səhifəni vərəqləsək orada həyatın bir parçası var.
   Elçinin əsərlərini oxuyanda həqiqətən də milli iftixar duyğusu keçirərək mənsub olduğun xalqın böyüklüyü qarşısında baş əyməli olursan. Əlinə qələm aldığı gündən mənəvi gözəlliyi vəsf edən, əxlaqi kamilliyin keşiyində fədakarlıqla dayanan Elçin bir ustad yazıçı kimi oxucusu ilə qəhrəmanı arasında vəhdət yaratmağı bacarır. Bəlkə buna görə də biz onun qəhrəmanlarının dərdinə şərik olur, sevincinə şadlanırıq. On cildlikdə həyatdan gələn səslərə qulaq asdıqca müəllifin qəlb titrədən, oxucunu heyrətləndirən, bəzən də kədərləndirən duyğularından riqqətə gəlirsən.
   Oncildliyin birində «İlyas Əfəndiyev şəxsiyyəti və sənəti» adlı sənədli romanda Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndəsinin həyat yolundan, nəslindən söz açılır. Romanın girişində oxuyuruq: «İlyas Əfəndiyev ən dərin hisslərlə Azərbaycana, Azərbaycanın içində isə Qarabağa, Qarabağın içində isə Füzuliyə, öz nəsil-nəcabətinə bağlı bir adam idi.… Hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı adama elə təsir edirdi ki, elə bil özün bütün vaxt, zamanın qanunlarını pozur, onunla birlikdə o uşaqlıq dövrünə getmisən”.
   Təkcə elə bu abzasda görkəmli yazıçımızın işıqlı portretini görürük. İndi onun ruhu da narahatdır. Çünki doğma yurd-yuvası yağı tapdağındadır. Gün o gün olacaq ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, elminə dahilər yetirmiş bu ulu torpağın yarası sağalacaq. Biz də Füzuliyə, böyük İlyas Əfəndiyevin dədə-baba yurduna - yaradılacaq ev-muzeyinə gedəcəyik.
   Elçin qəhrəmanlarının hər birini öz dili ilə danışdırmağı bacaran yazıçıdır. Ədəbi tənqid də təsdiqləyir, elə oxucuların rəyi budur ki, müəllifin əsərlərindəki koloritlik həmişə xoş təsir bağışlayır. İkinci cilddəki «Bayraqdar» kimi. Qarabağ mövzusunda yazılan ən mükəmməl bədii əsərlərdən birincisidir. Əslində bu əsərdə yeganə kamil bir obraz var - Azərbaycan! Məramına və əqidəsinə sadiq qalan müəllifin yaradıcılığının ümumiyyətlə baş qəhrəmanı əksər vaxt Azərbaycandır!
   «Ox kimi bıçaq» - bu kinopovest əsasında çəkilmiş «Arxadan vurulan zərbə» filmi illərdir ki, tamaşaçılar tərəfindən maraqla seyr edilir. Buradakı Fəttah kişini həmişə özünə oxşar obrazlarla yanaşı görürəm: «Yaşar»dakı (C.Cabbarlı) İmamyar, «Mehman»dakı (S.Rəhimov) Qaloş, «Komsomol» - «Yeddi oğul istərəm»dəki (S.Vurğun) Kələntər. Bu obrazlar zahirən fağır, hörmətcil, avam təsiri bağışlayır. Əslində isə hiyləgər, qəddar, başkəsən və evyıxandırlar. Bu eyni xarakterli obrazların ayrı-ayrı müəlliflər tərəfindən yaradılması onları bir məqsəd və əqidədə birləşdirir: zalımın iç üzünü açmaq - sonda məğlubiyyətinə nail olmaq!
   Üçüncü cilddə pyeslər toplanıb. Bu dramların da əksəriyyəti müxtəlif teatrlarda tamaşaya qoyulub. Əlbəttə, onların hər biri barəsində saatlarla danışmaq mümkündür. Bu əsərlərə xas olan əsas xüsusiyyət mənəvi saflığın, daxili böyüklüyün qorunmasına xidmətdir. Müəllif qəhrəmanlarını mürəkkəb və çətin durumlardan məhz ləyaqətin, mənəviyyatın köməyi sayəsində xilas edir. «Poçt şöbəsində xəyal», «Ah, Paris, Paris!». «Mənim ərim dəlidir» və s. pyeslərin səhnə təcəssümü tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
   Eləcə də dördüncü cilddə oxuduğumuz «Qatil» pyesi həm Azərbaycanda, həm də vətənimizdən kənarda tamaşaya qoyulub. Müəllif təzadlı həyat tərzinə, tənhalığa düçar olmuş insanların əzabını, mənəvi sarsıntısını həmişə təsirli, yaddaqalan yaradır. «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» romanları da vaxtilə ədəbi ictimaiyyətdə böyük əks-səda doğurub. Bu əsərlərin oxuculara təkrar təqdim edilməsi ürəyimizdən xəbər verir. Elçinin dərin müşahidə qabiliyyəti onun romanlarına da əlvanlıq gətirib. Bu əsərləri birnəfəsə oxumaq həvəsi bizi tərk etmir.
   Müxtəlif janrlarda paralel şəkildə, uğurla işləyən və bu ədəbi fəaliyyətində öz yolu, düşüncələri, hadisələrə münasibəti ilə seçilən Elçinin yazıçı müşahidəsi sərhədlərdən keçib. Onun bu tipli əsərlərində dünyada mövcud olan ölkələrin mənzərələri görünür, müxtəlif iqlim qurşaqlarının rəngləri sezilir. İstər yol təəssüratları olsun, istərsə də esse və ədəbi düşüncələri, fərq etmir. Qələmə aldığı hər bir yazısı oxucu qəlbini ovsunlayır. Elçinin yazı tərzi, orijinal üslubu, forma yeniliyi və məzmun dolğunluğu bu yazıçını sevdirən məziyyətlərdəndir. Onun nəsrində də, ədəbi tənqidində də qətiyyətlə bərabər, bir şeiriyyət də var.
   O, həm də istedadlı tənqidçi və ədəbiyyatşünas alim kimi diqqət çəkir. Elçin bütün yaradıcılığı boyu ədəbi mühitə fəal tənqidçi münasibəti bəsləyib. Əxlaqımıza, mənəviyyatımıza zidd əsərlərə qarşı Elçinin münasibəti kəskindir: «Vulqarlıq sənətə zidd bir şeydir. Mən sidq ürəkdən arzu edərdim ki, yaradıcılıqla ancaq istedadlı insanlar məşğul olsunlar və hər bir tənqidçi ədəbiyyatın təəssübünü çəksin. Hər əsərə, ədəbi hadisəyə münasibətini bildirsin. Biz ədəbiyyata xidmət etməklə yanaşı onun keşiyində də durmalıyıq». Dediklərinə əməl edən tənqidçimiz illər boyu ədəbiyyatın əsl mühafizəçisi kimi çıxış edir.
   Elçinin “Seçilmiş əsərlərinin” səkkizinci cildində toplanmış məqalə və monoqrafiyalarında milli ruh və vətəndaşlıq mövqeyi hakimdir. Qəlbimizdən keçənləri sözün min bir rəngində bizə çatdıran Elçin qibtə və rəğbətimizin ünvanıdır. Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus xidməti olan Xalq yazıçımız öz oxucuları ilə səmimi söhbət quraraq qənaət və düşüncələrini belə bölüşdürür: «Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində, mənim fikrimcə, iki prinsip əsas götürülməli, dəqiq işlənməli və həyata tətbiq edilməlidir: 1) Kökə, bünövrəyə qayıdış, milli mədəni mənbələrdən faydalanmaq; 2) Məhdudluğa, özünəqapanmaya yol verməmək, dünya sivilizasiyasının mədəni nailiyyətlərindən istifadə etmək». Maraqlıdır ki, bu iki prinsip müəllifin yaradıcılığında özünü aydın göstərir. Həqiqətən də Elçin klassik və modern yazıçıdır!
   Müxtəlif illərdə qələmə aldığı düşüncə və fikirləri toplanmış doqquzuncu cild könlümüzdə bir təlatüm yaradır. Buraya toplanmış 125 məqalənin əksəriyyəti vaxtilə mətbuatda çap edildiyindən bizə tanışdır. Sədaqətinə inandığımız, mənəvi zənginliyinə heyran qaldığımız, bir sözlə, köhnə dostla yeni görüş həm əziz olur, həm də bir xiffət keçirirsən. Çünki müəllif də, oxucu da yaşlanır. Bu yazılar isə elə əvvəlki tək təzə-tər qalıb. Ötən əsrin 60-cı illərindən bu günümüzə qədər yol gələn bu ədəbi yürüşdə öz arzularımız da yaşayır, gəncliyimiz boylanır. Elçin yazır ki, «ustad» sözünün izahı elm və sənət sahəsində dərin məlumatı və qabiliyyəti olan şəxs deməkdir. Bu sözün işığında on cildliyi vərəqlədikcə gəldiyimiz qənaət belə oldu ki, bu əsərlərin əksəriyyətində «İstiqlal» ordenli yazıçımızın işıqlı portretini də gördük. Nə xoş ki biz belə bir ustadın - Elçin İlyas oğlu Əfəndiyevin müasiriyik!
   Bir iftixar hissi də keçirirəm ki, müxtəlif illərdə mətbuat səhifələrində görkəmli yazıçımızla aparılan müsahibələrin içində mənim də imzam var. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyi ilə əlaqədar Elçinlə apardığım söhbətə söykənərək xatırlayıram ki, görkəmli yazıçımızın mənim suallarıma verdiyi cavablar bu gün də aktualdır: «Dədə Qorqud»a qayıtmaq qəhrəmanlıq dolu keçmişimizə mənəvi körpü salmaq deməkdir və yəqin ki, bu hadisə təkcə bizim ədəbiyyatımızda, folklorşünaslığımızda, tariximizdə deyil, həm də ruhumuzda, mənəviyyatımızda əks-səda salacaqdır».
   Elçin xarici dillərə ən çox tərcümə olunan yazıçılarımızdandır. Unudulmaz tənqidçi Məmməd Cəfər Elçinin yaradıcılığını həmişə yüksək dəyərləndirərdi: «Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir». Bu səbəbdən də nə yazıbsa, hansı əsərə öz imzasını ürəklə atıbsa, oxucu tərəfindən qəbul edilib, sevilib.
   Həyat müşahidələrinin dərin və geniş olmasının nəticəsidir ki, Elçinin təqdim etdiyi hər bir əsər həcmindən, janrından asılı olmayaraq əlvanlığı, koloriti, həyat həqiqətinə sadiqliyi ilə seçilir. Oxuculara təqdim olunan oncildliyin ön sözündə müəllif «Hakim oxucudur» - deyərək üz tutduğu ünvandan üç suala cavab almaq istəyir. Niyə yazıb, nə yazıb və necə yazıb? Hakimlik missiyasını oxucunun üzərinə inamla yönəldən yazıçımızın bu suallarına ədalətli cavab verməyə səy göstərəcəyəm. On möhtəşəm cildi vərəqlədikcə, əvvəldə dediyim kimi, hər cild mənə bir sehrli qəsr təsirini bağışladı və bu qəsrlərdə incilərin, sərvətlərin sayı-hesabı yoxdur. Duyduğum budur ki, 1959-cu ildən üzübəri Elçin çox dəyərli əsərlər yazıb. İlk hekayəsi «O inanırdı», ilk romanı «Mahmud və Məryəm» Elçinin yaradıcılığına əbədi uğur gətirdi. Bu əsərlərin qədəmləri yüngül oldu, kitabları əl-əl gəzdi. İlyas Əfəndiyev kimi azman bir ədibin mühitində böyüyən, lap uşaqlıqdan qələmə, kağıza, yazıya aşiq olan bir kəs qandan və gendən gələn bir əbədi tapşırığa uyğun olaraq yazmaya bilərdimi?! Yarım əsrdən artıq bir zaman kəsiyində başını yalnız kağız üzərinə əyən, qəlbindən keçənləri, düşüncələrini, müşahidələrini istedadının sayəsində ona söyləyən Elçin nə yazmayıb ki?! Hekayə, povest, roman, dram, nağıl, esse, məqalə, ədəbi-tənqidi düşüncələr, qeydlər, səfər təəssüratları, nitqlər, çıxışlar, rəylər... Hələlik biz bunların seçilmişləri ilə on cilddə görüşdük. Necə yazıb - sualının cavabı da bəllidir. İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizi qazandıqdan sonra Elçin nə yazıbsa, birbaşa ədəbiyyata tuşlanıb. Bu, hər yazıçıya, hər qələm sahibinə nəsib olan xoşbəxtlik deyil ki? Qərəz və məhdiyyədən çox uzaqda yazıb yaradıb. Bunlar zahiri xoş sözlər deyil. Uzun illərdən bəri müntəzəm oxuduğum Elçin müəllimin əsərlərindən aldığım zövqün, düşüncənin bəhrəsidir. Səmimiyyət və qətiyyətlə deyirəm ki, Elçini həmkarlarından fərqləndirən bir xüsusiyyəti qabarıq görünür. Əsərlərində sadə insanların böyük daxili dünyasından, zənginliyindən yazıb. Yazmaq da şərt deyil. Elçin sadəliyə enməklə ucalmağı bacardı.
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist