Paytaxtımızın meydan və xiyabanlarında onun əsərləri ilə rastlaşanda həmişə qadın və heykəltaraşlıq sənəti haqqında düşünürəm. Və mənə elə gəlir ki, bu zərif varlıq ancaq rəsmlər çəkər, başqa incə sənətlə uğraşar. Belə monumental heykəltaraşlıq nümunələrini yalnız kişilər yarada bilər. Amma yox, istedad və sənət sevgisi xariqələr yaratmağa qadirdir.

Görkəmli heykəltaraşlarımızdan Əməkdar rəssam Münəvvər Rzayeva yaratdığı əsərlərlə bu sənətdə iz qoyanlardandır. O, Mikayıl Müşfiq, Ayna Sultanovanın büst-abidələri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bəhmənyar və Nəsiminin (ağac) heykəlləri, daha sonra bölgələrdə ucaldılan onlarla heykəl və büstün müəllifidir.

Sənətkarı 95 illik yubileyi münasibətilə yada saldıq.

Münəvvər Məcid qızı Rzayeva 6 iyun 1929-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. Bu təhsil ocağından məzun olduqdan sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsində davam etdirir.

M.Rzayeva 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı və 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, həmçinin Mədəniyyət Nazirliyində Dövlət Komissiyasının üzvü, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bərpaçı-rəssam kimi fəaliyyət göstərib. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Məmməd Səid Ordubadinin Ev-Muzeyi və digər mədəniyyət ocaqlarında saxlanılır.

Özünəməxsus dəst-xəttə malik heykəltaraş olan M.Rzayeva, əsasən, psixoloji portret ustası kimi tanınır. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu əks etdirmək üçün xüsusi incəlik və dolğunluq nümayiş etdirir. Görkəmli tişə ustasının istedadı, zəngin təxəyyülü və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı hər kəsdə maraq doğurur.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev araşdırmasında yazır ki, gənc heykəltaraş müxtəlif miqyaslı sərgilərdə iştirak etməklə yanaşı, dövlət sifarişi ilə də bir sıra əsərlər yaradıb. Onun gözəl portret yaratmaq istedadı Milli Azərbaycan Ədəbiyyatı Muzeyi rəhbərliyinin diqqətini cəlb edir. Odur ki, 1958-ci ildən başlayaraq davamlı olaraq ona daimi ekspozisiyanı bəzəyəcək məşhur tarixi simaların obrazlarının yaratmaq sifariş olunur. O, muzeylə bu yöndəki əməkdaşlığını ömrünün sonuna qədər davam etdirir. Bu gün muzeyin kolleksiyasında qorunan “İmadəddin Nəsimi” (ağac), “Əbülhəsən Bəhmənyar” (mərmər), “Molla Pənah Vaqif” (mərmər), “Hüseyn Cavid” (mərmər), “Sergey Yesenin” (ağac), “Mikayıl Müşfiq” (kəc), “Məshəti Gəncəvi” (qalvanika), “Məshəti Gəncəvi və Əmir Əhməd” (qalvanika), “Şah İsmayıl Xətai” (gips), “Həsən bəy Zərdabi” (gəc) bu əhəmiyyətli əməkdaşlığın bədii-plastik təzahürləridir. Hər bir heykəlin uğurunu onun kompozisiya və plastik forma biçimi ilə yanaşı, həm də material seçimi şərtləndirir. Bu baxımdan M.Rzayevanın çox fərqli təbləri olan söz xiridarlarının obrazları üçün seçdiyi materiallar, tətbiq etdiyi yapma manerası çox məntiqli və obrazın psixologiyasının açılmasına kömək edən fərdi xüsusiyyətdir. Yaradıcılığının ilk illərində yaratdığı portretlər sırasında onun gənc geoloq-alim Xudu Məmmədova həsr etdiyi əsər də yüksək bədii-estetik məziyyəti, materiala münasibətilə diqqət çəkir. Bazalt daşından yonulmuş portretdə müəllif bədii ümumiləşdirməyə səy göstərməklə yanaşı, düşüncəyə qapılmış alimə xas olan səciyyəvi psixoloji cəhətləri bədii görüntüyə çevirməyə nail olub.

Əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimləri və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və s. işləri də yüksək qiymətləndirilib. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcılığında ayrıca yer tutur.

Görkəmli sənətkarın sonuncu işlərindən biri Qusar rayonu ərazisində 3 min 763 metr hündürlükdə dağın “Heydər zirvəsi”nə bərkidilən Ulu öndərin tunc barelyefi olub.

Araşdırmalarda bildirilir ki, görkəmli sənətkarın yaratdığı heykəllərin hər bir detalı obrazın ümumi ideyasının açılmasına xidmət edir. Bu baxımdan, Məhsəti Gəncəvinin Ədəbiyyat Muzeyində saxlanılan heykəli öz emosionallığı ilə diqqət çəkir. Şairənin zamanında İslam təəssübkeşləri tərəfindən daim təqib və tənqid olunmasından doğan daxili narahatlığı əsərdə sənətkarlıqla verilib. O, heykəl haqda danışarkən deyirmiş ki, M.Gəncəvinin obrazını yaratmaq onun 20 ilini alıb. Ümumiyyətlə, M.Rzayeva öz əsərlərinin plastikasında bütün detallara diqqətlə yanaşıb. Yaratdığı heykəllərdə gözlərin ifadəliliyinə ustalıqla nail olub. Monumental heykəllərində baxışların mənası heykəldən heykələ dəyişib. Belə ki, M.Müşfiqin, A.Sultanovanın gözlərində donub qalan qorxu pambıqyığan maşın sürücüsü S.Qazıyevanın obrazındakı ötkəm, qalib baxışlarla əvəz olunur.

Əməyi yüksək qiymətləndirilən sənətkar 1992-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülür.

İlk monumentalçı qadın heykəltaraş Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə, 75 yaşında vəfat edib.

Belə bir söz var ki, sənət adamlarının iki ömrü olur. Onların ikinci ömrü yaratdığı əsərlərin ömrü qədərdir. Görkəmli heykəltaraş da yüksək zövqlə ərsəyə gətirdiyi abidələrdə yaşayır.

Savalan Fərəcov