Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Adamın adamı” komediyası yenidən səhnəyə qayıdıb. Xalq yazıçısı Anarın eyniadlı pyesi və bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan tamaşanın bu günlərdə (6 iyun) premyerası oldu.
Orta nəsil tamaşaçıların xatirindədir ki, hələ Musiqili Komediya Teatrı statusunda olan sənət ocağında ümumən bu mövzu və janrda bir sıra maraqlı, baxımlı əsərlər səhnə həllini tapmışdı. Onlardan biri də bu nümunə idi. 2005–2010-cu illərdə əsər mərhum rejissor Faiq Zöhrabovun quruluşunda “Aldın payını, çağır dayını” adı altında oynanılıb və dövrün sevilən komediya aktyorları tamaşada rol alıblar.
Budəfəki quruluşda Əməkdar incəsənət xadimi Əsgər Əsgərov daim müasir və ağır qalan məsələni bir az səthi, daha dəqiqi, mətləbə dolayı yollarla, özü də sarkazm, satira ilə deyil, daha çox yüngül yumorla çatdırmağa çalışıb. Bu barədə bir az sonra...
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Hüseyn Əlili, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak edirlər.
Məlumat üçün onu da deyim ki, bu əsər 1979-cu ildə, özü də Anarın özünün quruluşunda Azərbaycan Dövlət Akademik Dram Teatrında da səhnələşdirilib. Həmin quruluşda rejissor kimi Xalq artisti Həsənağa Turabov da töhfəsini vermişdi. Əliağa Ağayev, Hamlet Xanızadə, Şəfiqə Məmmədova, Şükufə Yusupova, Rafiq Əzimov, Hacı İsmayılov kimi görkəmli aktyorların rol aldığı tamaşa dövri mətbuatda da yaxşı mənada böyük əks-səda doğurmuşdu.
Fərqli mövzulara özünəməxsus baxışı ilə seçilən, yenilikçi düşüncəyə malik Anarın dramaturgiyasına xas xüsusiyyətlər bu əsərdən də yan keçmir. Biz “Az. Yaz. Poz.” adlı idarədə baş verən hadisələr və oradakı insanların timsalında cəmiyyətdəki naqisliklər, bəzi insanların çəpər psixologiyası ilə rüşvətə, yerlibazlığa, qohumpərəstliyə qurşanmasının və kreslo güdazına getməsinin, daha doğrusu, bunun uğruna hər şeyini itirməsinin acı nümunələrini görürük.
Müəllifin problemə komik planda yanaşması, “arxalı köpək qurd basar” misallı tiplərə təpkisi bədnam əməllərin ifşası, teatr, səhnə adlı silahla, komediyanın ayrı-ayrı ifadə formaları ilə öldürücü gülüşlə məhvinə hesablanıb.
Amma heç də hər şey qara rəngdə deyil. Baxın, əsərin qəhrəmanları iki ayrı qütbdə birləşirlər: düzgünlük, ədalət tərəfdarı olan zəhmətkeş Bağır, müəyyən məqamlarda Balaxanım, Tahir, Süsən. Onların əksinə olaraq isə hər cür əclaflığa əl atan mənfəətpərəst və yaltaq, özündən yuxarıdakı vəzifəliyə yarınmaq üçün dəridən-qabıqdan çıxan İbişli, Fərəc, Nazlı da var.
Ə.Əsgərovun quruluşunda da bu məqamlar ön plandadır. O da əsərdən çıxış edərək ədalətsizliyin, ikiüzlülüyün, saxtakarlığın ifşası üçün tipajlarını bütün çılpaqlığı ilə təqdimata çalışır. Amma...
Tamaşada yadımda qalan bir neçə fraza fikrimə, az da olsa, bələdçilik edəcək. Məsələn, “Pul cırım səninçün”, “Pulun gücünə vurma cədvəlini də dəyişmək olar”, “Pulun açdığı qapını avtogen də deşə bilməz” kimi frazalar, bundan başqa, ideyanın məntiqi ardıcıllıqla ifadəsi üçün mayak olan maneralar tamaşada lağlağı səviyyəsində, elə-belə, üzərində dayanılmadan keçdi.
Mizanlar rabitəsiz, aktyorların oyunu əsas etibarilə o qədər özbaşına ovqatda idi ki, bir anlıq mənə elə gəldi ki, tamaşada rejissor olsa da, “pyes oxunuşu”ndan sonra da heyət Allahın ümidinə buraxılıb. Ümumiyyətlə, mənə çox maraqlıdır, gülməli olsun, tamaşaçı əl çalsın, uğunub getsin deyə əsərin mətni üzərində bu qədər əllaməliliyə dəyərmi? Hərçənd müəllifin bu satirik komediyasında, məhz bu teatrda bundan əvvəl qoyulan quruluşda da antipodlara, zəhmətsiz gəlir dalınca qaçanlara sərt münasibət vardı.
Əsərdə bir bazar düşüncəli Əli Əyrizadə var. Müəllif onun timsalında tamahkar və rüşvətxor bazar adamlarının əliəyriliyi başqalarına da asanlıqla öyrətdiyini, öz yaramaz əməlləri sayəsində idarələri də piştaxta hesab etdiyini göstərir. Tamaşada isə biz yalnız pul cıran, pul səpən periferik bir ünsürü görürük. Onun timsalında müəllif ideyası və obrazlara münasibəti qalır aktyorun “cibində”.
Nazlı Qəmzəli (II müavin) rolunun ifaçısının səhnəyə nə üçün çıxdığını tamaşaçı sonadək anlamadı. Ondan fərqli olaraq İbiş İbişlinin I müavini Fənd Fərəc daha adekvat, daha bitkin oyunla göstərildi. Köhnə quruluşda rol alan aktyorlar – İbiş İbişli, At Balaxanım obrazlarında oturuşmuş oyun sərgilədilər. Amma bir növ, köhnə quruluş və heyətin nostalgiyasında könülsüz, candərdi oynadılar. Amma bütün hallarda tamaşaçı onlara baxdı.
Tamaşada səliqəli, obrazı ilə səsləşən, səhnədə xüsusilə nəzərəçarpan oyunu ilə seçilməyə müvəffəq olan Xəbərçi Xədicə, Əhmədi Biqəm, Tərs Tahir, Mirzə rollarının ifaçıları klassik komediyanın tələblərini düzgün dərk etdiklərindən istər mono, istərsə də dialoqlarda tempi sonadək saxladılar.
Balet və xor truppası bu dəfə də yaxşı təəssürat yaratdı.
Ümumilikdə isə ikihissəli musiqili komediyada vokal artistləri (Ş.Cəfərov, Ə.Əliyev, Ə.Əlizadə, Ü.Əliyeva, T.Tariqpeyma istisna olmaqla) ifa zamanı əməlli-başlı əziyyət çəkdilər. Sanki onların səs imkanları ilə orkestrin (dirijorun) seçdiyi tonallıq üst-üstə düşmürdü.
Səhnəyə dinamizmi artırmaq, izafi hərəkət vermək və prosesin dağınıqlığını göstərmək üçün təyin olunmuş tərtibat – idarədə təmirin getdiyinə işarə üçün daim balet artistlərindən ibarət usta geyimli şəxslərin qapılarla oyunbazlığı, sağ küncündəki maneə zolağı, lentlənmiş hissə, səhnədəki “ştanketdən” iri hərflərlə asılmış “Müvəqqəti çətinliyə görə üzr istəyirik” lövhəsi tərtibata oynaqlıq gətirməyə hesablanmışdı və məqsədinə də nail oldu.
Bütün hallarda tamaşa dağınıq idi. Səbəbi isə sadəcə, kədərlidir: rejissorun aktyorlar (bəziləri) üzərində hakimiyyəti çox zəifdir. Sözsüz ki, bu da komediya tamaşasının səhnəarxası dramatizmi kimi anlaşılandır. Amma və lakin, səhnə, əlahəzrət teatr şəxsi ərkəsöyünlük və xalturanı sevmir və bağışlamır. Axı sizli-bizli (tamaşaçılar olaraq) istəyimiz sənətə xidmət missiyalı yaxşı tamaşalara baxmaqdır. Bunu hazırlamaq və təqdim etmək isə elə də çətin deyil. Üstəlik, yaradıcı heyətin də buna potensial imkanı varsa...
Həmidə Nizamiqızı