Nizami Kino Mərkəzində kinorejissor, ssenarist və aktyor, Xalq artisti Əbdül Mahmudovun 80 illik yubileyi ilə bağlı tədbir təşkil olunub.

Əvvəlcə aktyorun rol aldığı “Yeddi oğul istərəm” filmindən kadrlar nümayiş olunub.

Tədbirin təşkilatçısı, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə yubilyarı təbrik edib.

Qeyd olunub ki, ömrünün 60 ildən çoxunu Azərbaycan kinosuna həsr etmiş Əbdül Mahmudov 1966-cı ildən “Azərbaycanfilm”də aktyor kimi çalışıb. Bir müddət kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub. 25 filmə çəkilib, 10-dan çox filmdə rejissor kimi çalışıb.

Xalq artistləri Rafiq Əzimov, Xalidə Quliyeva, Əməkdar artist Suğra Bağırzadə Əbdül Mahmudovla birgə çəkildikləri filmlərdən və çəkiliş meydançalarında olan maraqlı hadisələrdən danışıblar, yubilyara xoş arzularını çatdırıblar.