Yaxud mən buradayam, bəs siz?!

 

İşğaldan azad olunmuş ərazilərimizə hər səfər mənim üçün dünyanı dolaşıb gəlməyə bərabərdir. Ayaqlarım yerdən üzülür, sanki. Elə bilirəm ki, simurq quşunun qanadlarında gəzirəm oraları. Özü də səfərin reallaşdığı günlərdən çox-çox əvvəldən. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə 28 May – Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə Füzuli rayonuna səfərimiz kimi.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, peşəkar və vətənpərvər jurnalist Leyla Sarabinin “Bu səfər çərçivəsində Hadruta da gedəcəyik. Naharımızı orada edərik. Beləcə, gözəl Hadrutu da gəzərsiniz” dedi. Əslində, sonra da nələrsə dedi. Amma mən eşitmədim. Beynim də, ruhum da artıq yola “çıxmışdı”.

Mayın 27-si sübh tezdən kuklaçılara və “Oyuq”çulara qoşulub bizə ayrılan avtobusda, adətim üzrə pəncərə kənarında yerimi aldım. Yol mənzərələri, azad olunan ərazilərimizi yaxından görmək, göz yaddaşıma acgözcəsinə hopdurmaq üçün balaca uşaq kimi tələsdim.

Yol uzunu aktyorların, istedadlı uşaqların səs-səsə verərək oxuduqları nəğmələr bizi ilk posta yetirdi.

Nəzarət məntəqəsindən sonra sağ və soldakı evlərin xarabalıqları, düşmənin divan tutduğu Ağdam, Füzuli, Cəbrayıldan keçən istiqamətlərdə qovurulmuş, didilib parçalanmış sinəsini günəşə “tutan” xarabalıqlar yenə ruhumu daladı. Zamanında yurd, yuva, işıq, ümid, ocaq olan evlərin yerində bitən ağaclar, onların dağılmış qadın saçına bənzəyən budaqları üzünü göyə tutub indi, məhz indi şükranlıq edən insana bənzəyirdi.

Leyla xanım yol çəkən, Qarabağın yeni növrağını quran tikinti işlərini – iaşə obyektləri, işıq, qaz, su xətlərini, ağır texnikaların dağlarla döyüşdüyü uğultusunu, vətən balalarının əvvəl azad, indi isə abad etmək üçün hər qarışına can verdikləri mənzərələri məlumatları ilə daha da zənginləşdirir. Qüdrətli dövlətimizin təzədən cənnətə döndərdiyi sinəsi dağlanmış yurd yerlərimizin əzəli sakinlərinin əl-ayaq izlərinə alışması adamı qürrələndirir. Həm də qəribə bir hiss baş qaldırır içimizdə.

Müharibə və onun ağırlığı haqqında bir neçə əsər oxusam da, mənə görə, ən təsirlisi və ən amansızı Ernest Heminqueyin “Əcəl zəngi”dir.

Əsərdə finala doğru belə bir cümlə var: “Dünya yaxşı məkandır və onun üçün vuruşmağa dəyər”. Onu bizim kontekstdə belə anlayıram: “Sənin olan yurd yerləri bənzərsizdir və onun uğrunda vuruşmağa da, ölməyə də dəyər”. Elə dəydi də. Qəhrəman Vətən oğulları sayəsində həsrətdən cadar-cadar olmuş torpaqlarımıza qovuşa bildik.

 

“Tut yetişəndə gəl bizə, gəl bizə...”

 

Füzulidən öncə Hadruta getdik. Uzun yolun sonunda “Xocavənd rayonu, Hadrut qəsəbəsi” yazılan lövhəni görən avtobusdakılar bir ağızdan qışqırıb, əl çalmağa başladılar. “Can Qarabağ” mahnısını məhrəm təbəssümlərinə qatan “Oyuq” yetirmələri həyəcandan gah atılıb-düşür, gah da özlərindən böyük yol yoldaşlarını sual atəşinə tuturdular.

Budur, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi Hadrutdayıq.

Qəsəbəyə daxil olan kimi qulağıma bir uğultu “doldu” ki, gəl görəsən. İri və kiçik çaplı silahların şaqqıltısı, əsgər çəkmələrinin tappıltısı, ərənlərimizin gur səsinin gurultusu... bir-birinə qarışdı. Yəqin bu da təsadüfi deyil. Vətən müharibəsi zamanı uğrunda ən qanlı döyüşlərin getdiyi məntəqələrdən biri Hadrut olub. Sözsüz ki, işğalçı düşmən Dağlıq Qarabağın cənub darvazası sayılan bu məntəqəni əldən vermək istəmir və istər müharibə, istərsə də ondan sonrakı informasiya müharibəsində həyasızcasına Hadrut həşiri qoparırdı...

...Vallah, heç bilmirəm bu gözəlliyi necə təsvir edim. Amma bir onu bilirəm ki, bura Qarabağın bəlkə də ən fərqli, ən cazibədar, ən ilıq guşəsidir.

Hər tərəfdən dağlarla əhatə olunmuş Hadrut Qozluçay dərəsində yerləşir. Qəsəbəni, az da olsa, dolaşmaq imkanım oldu. Buradakı binalarda, evlərdə müharibənin izləri hələ də qalıb. Diqqətimi ən çox cəlb edən buranı azad edən igidlərin evlərin divarlarında qoyduqları izlərdir. Gözəlim vətənimizin az qala bütün bölgələrinin adlarına rast gəlmək olardı burada. Oğullarımızın bu “imzaları” düşmən otuz ilə yaxın işğal altında tutduğu Hadruta başqa bir bəzək idi.

Buranı dolaşarkən ölkə başçımızın “Mən deyəndə ki, ermənilər işğal etdikləri torpaqlarda səfalət içində yaşayırlar, bax, bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü burada” fikri düşdü yadıma. Bəli, tamamilə haqlıymış. Onlar işğal etdikləri digər ərazilərimizdə, ümumən Qarabağda məhz bu vəziyyətdə yaşayıblar. Əgər buna yaşamaq demək olarsa...

Amma artıq buralar yenidən, daha da gözəl, əzəmətli halına qayıdır. Hər yerdə təmir-bərpa, tikinti işləri aparılır. Hər yan  abadlaşır, əsl sakinlərinin  izləri ilə təbiətin bəxş etdiyi gözəlliklə vəhdətdə daha da başqalaşır.

Vaxtilə, xanlıqlar dövründə XVIII yüzillikdə Dizaq məlikliyinin mərkəzi olan, qədim tarixli bu yurdun memarlığı da maraqlıdır, gözəldir. Ümumən qəsəbədə tikililərin çoxu sovet dövründən qalmadır. Özü də əksəriyyəti də yarım-yumalaq. Əlbəttə, işğal nəticəsində evlərini tərk edən azərbaycanlıların ocağında kül tökmək, yurdunun üzərində yurd salmaq onların nəyinə lazım idi?! Zatən gedərgi olduqlarını bilirdilər...

Düşmənin yuxusunu ərşə çəkən Hadrutun yollarını təkbaşına dolaşdıqca istər-istəməz yenə 2020-ci ilə, 44 günlük Vətən müharibəmizə, o tarixi günlərə qayıdıram. Peşə marağı, az vaxtda çox yeri görmək həvəsi ilə sürətlə yeriyirəm. Lap divanələr kimi, baş alıb gedirəm. Sözsüz ki, mülki formalı polisin “Ara küçələrə düşməyin, ehtiyat üçün deyirəm” xəbərdarlığını da yaddaşımın bir kənarına yazmışam. Öz-özümə “Elə bilir mən buralarda itərəm e” deyib qımışa-qımışa heç vaxt olmadığım küçələrdə – fıstıq, fındıq, qoz, yasəmən ağaclarının “bələdçiliyində” gəzişirəm. İrigövdəli tut ağaclarının şirəsi bal dadlı barından doyunca, lap uşaqlıqda olduğu kimi əllərim, ağzım qara qırmızı olanadək yeyirəm.

Qonaqpərvər Leyla xanım yol yoldaşlarımla bizi nahar üçün qəsəbənin ən hündür yerindəki məkana aparır. Əslində, hamımız mənən çoxdan doymuşuq. Gözümüz də, könlümüz də, lap elə mədəmiz də “düt” deyincə yemiş kimi doyub. Amma biixtiyar, özü də yediklərimi başqalarına deyib, göstərməyi sevməsəm də, o anda mənə zəng edən və zəng etdiyim hər kəsə “Hadrutdayam, bir ətək tut yemişəm. Dağlardan gələn bulaq suyundan samovar çayı da öz yerində. Yerin məlum” deyib Allah bilir neçə yaxınımın bəxtəvərliyini alıram.

Xalq artisti Gülyaz Məmmədovanın “Tut yetişəndə” mahnısını oxuya-oxuya ətəyimə yığdığım ağ, qara, xar tutlardan yol yoldaşlarıma da pay verirəm...

Günəşin səmanı yarıladığı vaxtda ayrıldım buradan. Əlbət, yenidən, özü də çox yaxında qayıtmaq üçün. Çünki damağımda həm də Hadrut dadı var artıq...

 

Füzulidə açan çiçəklər

 

Ötən ilin avqustunda şagirdlərin ixtiyarına verilən möhtəşəm bina – Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə çatanda dərindən nəfəs aldıq. Yolboyu gördüyümüz dağıntılara inad burada düşmənə gözdağı möhtəşəm, lap Qərbi Avropa ölkələri üslubunda yaşayış binaları ilə əhatə olunmuş məktəbi gördük. Min şükür, buralarda həyat artıq xeyli vaxtdır ki, qaynayır.

Yüzlərlə sakinin daşlara, divarlara hopan nəfəsi təbiəti də cana gətirib. Əlvan qızılgüllər, yamacları ram edən biçənəklər, çəhrayı yabanı lavandalar və adını bilmədiyim min bir rəngə çalan çiçəklərin boy verdiyi ucsuz çöllərin qoynunda yeni yurdda ucalan əzəmətli binalar adama gəl, burada qal deyir.

Sakinlər teatr kollektivinin sorağı ilə uşaq-böyük demədən məktəbdə toplanıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəbin müasir binası, mükəmməl təchizatı şagirdlərin üz-gözünə hopan məmnunluqdan hiss olunur. 500 nəfərlik akt zalında iynə atsan yerə düşməz. Uşaqlar, könlündəki uşağı həyatın bütün əzablarına rəğmən qoruyan orta və yaşlı nəsil Füzuli sakinləri bir neçə saatlıq səhnədəkilərə qoşulurlar.

Kukla Teatrı kollektivinin qəhrəmanlıq motivli “Məlikməmməd” tamaşası, istedadlı vətən balalarının toplaşdığı “Oyuq” uşaq teatrının “Vətənimdir Azərbaycan!” adlı zəfər yüklü mahnılardan ibarət rəngarəng konserti hər kəsə yaddaqalan anlar bəxş etdi.

Məktəbin direktoru, qocaman təhsil işçisi Həcər Mahmudova qonaqlara təşəkkür etdi. Ardınca doğma yurdda olmağın yaşatdığı sevinci bölüşdü. Şagirdlərinin həvəslə  dərslərinin öhdəsindən gələrək, savadlı vətəndaş kimi yetişib, azad və abad Qarabağda həyat quracaqlarına inamını ifadə etdi.

Bildirdi ki, artıq hər dəfə yeni köçün gəlişi ilə buralar daha da gözəlləşir. Uşaqların şaqraq gülüşləri, böyüklərin həsrətinin vüsal səadətində  Füzuli əvvəlki gözəlliyinə qayıdır.

Bəli, haqlıdır. Dövlətimizin düşmən tərəfindən yerlə yeksan edilmiş bu yerlərdə saldığı yeni şəhər bənzərsiz olacaq. Bunu dönə-dönə vurğulayan Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da növbəti səfərimizdə daha fərqli Füzuli ilə qarşılaşacağımızın sorağını verirlər. Yollar uzunu sağda, solda, uzaqda – təpələrin başında, dağların yamaclarında, çayların sahilində aparılan quruculuq işlərinin mahiyyətindən, obyektlərin təyinatından, fərqli istiqamətlərdəki layihələrin nəhəngliyindən sevgi və peşəkarlıqla danışırlar. Mənə elə gəlir ki, bu torpaqları azad edən oğullarımız kimi, indi burada xidmət edən, onu cana gətirənlər də qəhrəmandırlar.

Vətən müharibəsindən ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri görülüb və fasiləsiz davam etməkdədir. İnşallah, qısa zamanda işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın daha neçə-neçə mərhələsini və doğma yurdun qüdrətində yenidən dünyanın ən yaxşı şəhər və kəndlərindən ibarət əzəmətli Vətən bağı – Qarabağ görəcəyik. Buna  dövlətimizin də, xalqımızın da qüdrəti çatacaq, həm də gücü.

Sevin daha, çünki sönmüş çıraqların yenidən, özü də daha gur yanır, doğma Füzuli...

Həmidə Nizamiqızı