Xətai Sənət Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə könül ver” layihəsi çərçivəsində “Yaşıl dünya” adlı rəsm sərgisi təşkil edilib.
İyunun 6-da açılışı olan sərgi haqqında ictimai birliyin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ictimai birliyin həyata keçirdiyi silsilə tədbirlərdən biri də təqdim edilən sərgidir.
Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən söz açdılar və təqdim olunan əsərlərlə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, ətraf mühitə qayğı, yaşıllıqların artırılması, su ehtiyatlarından səmərəli istifadə və s. mövzulara gənc nəsil də öz töhfəsini verməlidir.
Çıxışlardan sonra əsərləri sərgilənən iştirakçılara diplomlar təqdim edildi və qonaqlar sərgi ilə yaxından tanış oldular.
Qeyd edək ki, “Mədəniyyətə könül ver” layihəsinin məqsədi mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq üçün keçirilən tədbirlərə dəstək olmaqla yanaşı, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində ictimai fəaliyyətdən ibarətdir. Layihə çərçivəsində müxtəlif görüşlər, təlimlər, yaradıcı gənclərə dəstək məqsədilə konsertlər və sərgilər təşkil olunur.
Lalə Azəri